ABŞ Kremli Vladimir Kara-Murzanı dərhal azad etməyə çağırıb

ABŞ administrasiyası Rusiya hakimiyyətini rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murzanı dərhal həbsdən azad etməyə çağırıb.

“ABŞ bu gün Moskvada vətəndaş cəmiyyətinin tanınmış lideri Vladimir Kara-Murzanın həbsindən narahatdır. Biz vəziyyəti diqqətlə izləyirik və onun dərhal azad edilməsini tələb edirik” - deyə, dövlət katibi Antoni Blinken Twitter səhifəsində bildirib.

Rusiya müxalifətinin tanınmış fəalı Vladimir Kara-Murzan aprelin 11-də evi qarşısında Moskva polisi tərəfindən həbs edilib.

Onun vəkili Vadim Proxorov aprelin 11-də bildirib ki, Kara-Murza təhlükəsizlik işçisinin qanuni əmrlərinə tabe olmamaqda ittiham olunur.

Məsələ ilə əlaqədar rəsmi qurumlar açıqlama verməyib. Kara-Murza zənglərə və mesajlara cavab vermir.

Kara-Murza öldürülən müxalifət lideri Boris Nemtsovun yaxın tərəfdaşlarından biri olub. Onun özü də 2015 və 2017-ci illərdə zəhərlənmə əlamətləri ilə xəstələnib.

Hələ o zaman qohumları tərəfindən Rusiyadan qaçaqmalçılıq yolu ilə çıxarılan toxuma nümunələri Federal Təhqiqatlar Bürosuna (FBI) təhvil verilmişdi. FBI onun işini “qəsdən zəhərlənmə” kimi araşdırıb. Lakin ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlərdə onun barəsində qəti bir nəticə əldə edilmədiyi göstərilir.

Vladimir Kara-Murzanın həbsi Qərb rəsmiləri tərəfndən dərin narahatlıqla qarşılanıb.

Həbs Rusiya hakimiyyətinin müxalif şəxslərə qarşı repressiyaları gücləndirməsi və fevralın 24-dən Ukraynada davam edən müharibəyə qarşı narazılıq fonunda baş verib.

Kara-Murza illər ərzində onun iddiasını müdafiə edən ABŞ qanunvericiləri arasında böyük dəstək qazanıb.

ABŞ-ın Helsinki Komissiyası da Vladimir Kara-Murzanın azad edilməsinə çağırıb.

“Biz Vladimir Kara-Murzanın Moskvada saxlanılmasından narahatıq. Vladimir cinayətkar deyil, o, Rusiya üçün demokratik gələcək və xalqı üçün azadlıq potensialından ruhlanan əsl vətənpərvərdir. Ona vəkillə görüş imkanı verilməli və o dərhal azadlığa buraxılmalıdır”, komissiyanın bəyanatında bildirilir.