Rusiyanın Başqordostan Respublikasında hüquq müdafiəçisinin həbsinə görə qarşıdurma baş verib

Çərşənbə günü Rusiyanın Başqordostan Respublikasında aparıcı hüquq müdafiəçisinin dörd il müddətinə həbsə məhkum edilməsindən sonra çevik polis qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Polislə fəal Fail Alsınovu dəstəkləmək üçün toplaşan böyük izdiham arasında toqquşma baş verib. Mediaya qapalı keçirilən məhkəmə prosesində o, etnik ədavəti qızışdırmaqda təqsirli bilinib. O, bu ittihamı rədd edib.

Sosial şəbəkələrdə yayılan videolarda insanların “Qaz” deyə, qışqıraraq, uzaqlaşdığı, digər videoda polis dəstələrinin dəyənəklərlə insanları vurduqları əks olunub. Daha bir videoda isə bir qadının polisi yerdə uzanmış şəxsi döyməyi dayandırmağa çağırdığını görmək olub.

Rusiyada böyük etirazlar son dərəcə nadir haldır. Belə ki, hakimiyyətin icazəsiz hesab etdiyi hər hansı toplantıya görə həbs olunma riski var. Son iki ildə Ukraynada müharibəyə qarşı çıxdıqları üçün minlərlə insan həbs edilib.

Bu etirazlar hakimiyyət üçün həssas bir vaxta, Prezident Vladimir Putinin yeni altı illik müddətə namizədliyini irəli sürdüyü seçki kampaniyasının başlandığı bir vaxta təsadüf edir. Putinin qələbə çalacağına şübhə olmasa da, analitiklər Kremli utanc vəziyyətində qoymaması üçün Başqordostanın regional rəhbəri Radiy Xabirova təzyiqlərin olacağını deyir.

Alsınov 2023-cü ilin aprelində Rusiyanın cənubundakı Ural dağlarında, Avropa və Asiya sərhədi yaxınlığında yerləşən Başqordostanda qızıl hasilatı planlarına etirazlar zamanı etdiyi çıxışda miqrant işçiləri təhqir etməkdə günahlandırılıb.