Roskomnadzor bildirib ki, “Ruslara qarşı zorakılıq çağırışları” səbəbindən Instagram-ı Rusiyada bloklayacaq. Bu barədə idarənin saytında məlumat verilib. Bundan əvvəl Baş Prokurorluq sosial şəbəkənin bloklanmasını tələb edib.
"Instagram sosial şəbəkəsində Rusiya Federasiyası vətəndaşlarına, o cümlədən hərbi qulluqçulara qarşı zorakılıq çağırışlardan ibarət informasiya materialları yayılır” – deyə, məlumatda deyilir.
Qurum həmçinin Metanın ekstremist təşkilat kimi tanınması üçün məhkəməyə müraciət edib.
İstintaq Komitəsinin Baş İstintaq İdarəsi artıq Metanın Facebook və Instagram sosial şəbəkələrində “rus işğalçılarına ölüm” çağırışlı yazıların silinməməsi qərarına görə, ekstremizmə çağırış və terrorçuluğa kömək (CM-nin 280, 205.1-ci maddələri) maddələri ilə iş açıb.
“Cinayət işinin tərkib hissəsi kimi, Endi Stounun və Amerika korporasiyasının digər əməkdaşlarının əməllərinə hüquqi qiymət verilməsi üçün zəruri istintaq tədbirləri davam etdirilir” – deyə, agentlik yazır.
Daha əvvəl məlum olub ki, Facebook və Instagram-ın sahibi olan “Meta” müvəqqəti olaraq “bəzi ölkələrdə” istifadəçilərə bu sosial şəbəkələrdə Rusiya hərbçilərinə qarşı zorakılıq çağırışlarına icazə verəcək. Bu barədə Reuters korporasiyanın daxili sənədlərinə istinadən xəbər verir. Bu məlumatı şirkətin sözçüsü Endi Stoun Twitter-də təsdiqləyib.
Stoun “siyasi özünüifadə” formasına misal olaraq “Rusiyalı işğalçılara ölüm” şüarını göstərib. Ermənistan, Azərbaycan, Estoniya, Gürcüstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Ukrayna sakinlərinin mesajlarında belə bəyanatlara icazə veriləcək. Şirkət nümayəndəsi əlavə edib ki, moderatorlar mülki şəxslərə qarşı bənzər müraciətlərə icazə verməyəcəklər.