Rusiya mayın 21-dən Finlandiyaya qaz nəqlini dayandıracaq

Rusiya mayın 21-i səhər saatlarında Finlandiyaya qaz ixracını dayandıracaq. Bu barədə Finlandiyanın Gasum dövlət enerji şirkəti məlumat yayıb.

“Cümə günü, mayın 20-də “Qazprom Export” MMC Finlandiyaya təbii qazın tədarükünün 21 may 2022-ci il tarixində səhər saat 4-də dayandırılacağı ilə bağlı Gasum-a bildiriş göndərib” – deyə, şirkətin açıqlamasında deyilir.

Gasum-un baş direktoru Mika Vilyanenin sözlərinə görə, şirkət bu vəziyyətə hazır idi. Yay mövsümündə o, təbii qazı Estoniyanın Balticconnector boru kəməri ilə təmin edəcək. Yanacaqdoldurma məntəqələri əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.

Mayın 17-də "Gasum" Qazpromun tələb etdiyi kimi, qazın pulunu rublla ödəməyəcəyini açıqlamışdı. Bundan başqa, şirkətlər arasında digər məsələlərdə də ciddi fikir ayrılıqları var. Bu barədə hesabatda deyilir. Gasum müqavilə mübahisələrini arbitraja təqdim etmək qərarına gəlib.

Finlandiya 45 ildən artıqdır ki, Rusiyadan təbii qaz idxal edir. 2015-ci ilin dekabrında müqavilənin müddəti 31 dekabr 2031-ci ilə qədər uzadılıb.

Rusiya prezidenti Vladimir Putinin tapşırığına əsasən, 2022-ci il aprelin 1-dən hökumətin “qeyri-dost” kimi tanıdığı bütün ölkələr qaza görə ödənişi yalnız rublla etməlidir. Reallıqda söhbət Qazprombank-da rubl hesabı açmaqdan gedir ki, ora vəsaitlər köçürüləcək. Beləliklə də qaz alan şirkətlər ödənişi avro və ya dollarla etməyə davam edəcəklər. Fərmana əsasən, alıcı bu sxem üzrə ödənişdən imtina edərsə, qaz ödənişli hesab edilməyəcək və tədarük dayandırılacaq. Bəzi Avropa şirkətləri təklif olunan sxemlə razılaşıblar, lakin hamısı deyil. Xüsusilə Polşa və Bolqarıstan şirkətləri bundan imtina edib. “Qazprom” bu ölkələrə yanacaq tədarükünü dayandırıb.

Bu yaxınlarda Finlandiya - onilliklər boyu neytrallıqdan sonra - NATO-ya üzv olmaq üçün müraciət edib.

Təbii qaz Finlandiyanın enerji qarışığının təxminən 6 faizini təşkil edir. Buna görə də Rusiya qazının dayandırılmasının təsiri bu ölkə üçün qazdan daha çox asılı olan bir sıra digər Avropa ölkələri ilə müqayisədə daha azdır.