Rusiyanın pilotsuz təyyarələri Kyivi hədəf alıb

Ukrayna rəsmiləri bazar ertəsi Rusiyanın pilotsuz təyyarələrinin Kyivi hədəf alan son genişmiqyaslı hücumu barədə məlumat verib və bunun bu ay Ukraynanın paytaxtına səkkizinci hücum olduğunu bildirib.

Kyivin hərbi administrasiyasının rəhbəri Serhiy Popkonun Telegram kanalında Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin Kyiv səmasında təxminən 20 pilotsuz uçuş aparatı vurduğunu bildirsə də, dağıntılar və itkilər barədə məlumat verməyib.

Ukrayna ordusu bazar ertəsi Rusiyanın ölkənin bir çox bölgəsinə etdiyi hücum zamanı 56 pilotsuz təyyarəsindən 53-nü vurduğunu bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, Kyivdən başqa, Rusiyanın pilotsuz təyyarələri Çerkassı, Dnipropetrovsk, Kirovohrad, Mikolayiv, Poltava, Sumı, Vinnitsa, Zaporijye üzərində də vurulub.

Hava hücumları Ukrayna prezidenti Volodimir Zelenskinin müttəfiqlərindən silah sistemləri istəməsindən və Rusiya daxilindəki hədəflərə uzaqmənzilli zərbələr endirmək üçün onlardan aldığı silahlardan istifadə etməyə icazə verməyə çağırmasından bir neçə saat sonra baş verib.

Zelenski bazar günü gecə çıxışında deyib ki, uzaqmənzilli zərbələrə icazə verilməsi Ukrayna ordusuna "Rusiya təyyarələrini onların öz bazalarında məhv etməyə" imkan verəcək.

O, Ukraynanın məsələ ilə bağlı ABŞ, Fransa, Almaniya və İtaliyanın qərarlarını gözlədiyini bildirib.

Ukrayna ordusu bazar ertəsi Rusiya ilə Ukrayna sərhədi boyunca yerləşən bölgələrə son hücumlarını həyata keçirib.

Belqorod qubernatoru Vyaçeslav Qladkovun bildirdiyinə görə, Ukraynanın hücumu zamanı bir ev və bir neçə avtomobil zədələnib, azı 8 nəfər yaralanıb.

Bryansk rəsmiləri Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin Ukraynanın 5 pilotsuz təyyarəsini vurduğunu bəyan edib. Tələfat və dağıntılar barədə məlumat verilməyib.