Rusiya məhkəməsi Ukraynada ölən hərbçilərin sayı haqqında məlumatların yayımlanmasını qadağan edib

Ukrayna hərbçiləri paytaxt Kyivdə Rusiya əsgərlərinin cəsədlərini soyuducu vaqona yükləyir.

Rusiyada bir sıra onlayn qəzetlər məhkəmə qərarı ilə Ukraynada müharibə zamanı həlak olan hərbiçilərin siyahısını saytlardan çıxarmağa məcbur olub. Belə ki, Rusiya məhkəməsi hərbçilər haqqında məlumatın yayılmasına qadağa qoyub.

74.RU, NGS24.RU, NGS55.RU, 93.RU, 63.RU,NGS.RU və E1.RU onlayn nəşrləri iyunun 6-da məlumat yayaraq bildirib ki, Rusiyanın qərbində Kalininqrad anklavındakı Svetloqorsk şəhər məhkəməsinin qərarı ilə siyahını saytlarından çıxarmalı olublar.

Bu addım siyahının internetdə yayılmasından sonra Baltik Donanması qarnizonunun hərbi prokurorluğu tərəfindən atılıb.

Məhkəmə qərarı belə əsaslandırıb ki, “müharibə və ya sülh dövründə xüsusi hərbi əməliyyat zamanı hərbi itkilərin sayının açıqlanması” hərbi sirlərin açılması hesab oluna bilər ki, bu da cinayət sayıla bilər.

Fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra həlak olan Rusiya hərbçilərinin dəqiq sayı məlum deyil.

İtikilərlə bağlı sonuncu rəsmi məlumat martın 25-də açıqlanıb. Kreml o zaman “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibədə 1351 əsgər və zabitin öldüyünü bildirib.

Lakin Ukrayna rəsmiləri hərbi müdaxilə başlayandan Rusiyanın 30 minə yaxın hərbçisinin öldürüldüyünü və yaralandığını iddia edir.

Müharibə nəticəsində 14 milyondan çox ukraynalı evlərini tərk etməyə məcbur olub.