Azərbaycan və Rusiya hərbi rəsmiləri görüşüblər

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Rusiya Quru Qoşunlarının Ali Baş Komandanının müavini Aleksey Kim ilə görüşüb.

Martın 22-də Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini Aleksey Kimlə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin Bəyanatının müddəalarının icrası məsələləri, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan əraziləri boyunca əməliyyat şəraiti müzakirə olunub.

“Tərəflər 10 noyabr 2020-ci il tarixli Bəyanatın 4-cü bəndinə müvafiq olaraq qanunsuz erməni silahlı qruplaşmalarının Azərbaycan ərazilərindən çıxarılması prosesi və bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar,” məlumatda deyilir.

Xatırladaq ki, birgə bəyanatın 4-cü bəndində deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyası sülhməramlı kontingentinin qalma müddəti tərəflərdən heç birinin bu müddəanın tətbiqinə xitam verilməsi niyyətini sözügedən vaxtın bitməsindən 6 ay əvvəl çıxış etmədiyi təqdirdə, növbəti 5 illik müddətə avtomatik uzadılması ilə 5 ildir.”

Son günlər Azərbaycan və Ermənistanın rəsmi hərbi mənbələri Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazidə Dağlıq Qarabağ istiqamətində qarşılıqlı atışmaların olduğu barədə məlumatlar yayır.

Rusiya tərəfi bu atışmalarla bağlı hələ rəsmi münasibət bildirməyib.

Regionda gərginlik fonunda bu gün martın 22-də Ermənistan Milli Assambleyasının (parlament) qapalı iclasında Qarabağdakı vəziyyət müzakirə olunub.

Ermənistanın news.am saytının məlumatına görə, təşəbbüs parlament müxalifəti tərəfindən irəli sürülüb. Müzakirə mövzusu: “Qarabağda humanitar vəziyyət, təhlükələr və təxirəsalınmaz tədbirlər” olub.

Bununla yanaşı, hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatları Azərbaycanın əleyhinə olan bəyanatın qəbulu ilə bağlı müxalifətin təşəbbüsünü dəstəkləməyib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə bildirib ki, Qarabağ münaqişəsinin tam həlli Rusiya-Azərbaycan münasibətlərindən asılı deyil.

“Çünki nə qədər tərəfdaşlıq münasibətləri olsa da Rusiya Azərbaycanın istədiyi səviyyədə münaqişənin həllinə yaxınlaşmır. Əksinə, son zamanlar Qarabağda baş verən gərginliklər fonunda hiss olunur ki, Azərbyacan hakimiyyəti Rusiya sülhməramlılarının fəaliyyətindən narazıdır. Təsadüfi deyil ki, Azərbaycan hakimiyyətinə yaxın olan medialarda Rusiya sülhməramlılarının komandanı sərt şəkildə tənqid olunur. Digər tərəfdən Rusiya-Ukrayna müharibəsində Azərbaycan tərəfinin Ukraynaya simpatiyası var. Bu da yəqin ki, Rusiyadakı siyasi mərkəzlərin xoşuna gəlmir,” politoloq bildirib.

Ekspert hesab edir ki, problemin həlli istiqamətində müsbət addımı bölgənin aparıcı dövlətləri olan Türkiyə və Rusiyanın birgə çalışması nəticəsində atmaq olar.

Martın 20-də ABŞ Prezidenti Co Bayden Novruz bayramı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda bildirib ki, onun Administrasiyası Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcək.

“Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik,” ABŞ Prezidentinin məktubunda deyilir.

Martın 22-də Prezident İlham Əliyev ABŞ Prezidentinə cavab məktubunda Azərbaycanın Ermənistanla sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan edib.

“Biz sülhün tərəfdarı olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq,” Prezident Əliyev məktubunda qeyd edib.