Rusiya Xarici İşlər Nazirliyi sentyabrın 25-də Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvanı tənqid edən açıqlamalarını pisləyərək, "Rusiyaya qarşı qəbuledilməz ittihamları ehtiva etdiyini və problemlərdən başqa bir şeyə səbəb ola bilmədiyini" bildirib və bütün bunları "böyük səhv" adlandırıb.
Paşinyan televiziya ilə çıxışında Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünə işarə edərək, Yerevanın "xarici təhlükəsizlik sistemi"nə qoşulmasının Ermənistanın maraqları üçün "effektiv olmadığını" deyib.
Paşinyan və bir çox erməni ənənəvi olaraq Ermənistanın regionda himayədarı kimi xidmət edən Rusiyanı Azərbaycanın əsasən ermənilərin yaşadığı separatçı Dağlıq Qarabağ bölgəsində etnik erməniləri qorumaq üçün öz sülhməramlı qüvvələrindən istifadə etməməkdə günahlandırır.
"Dağlıq Qarabağın erməni əhalisinə qarşı çoxsaylı terror hadisələri, Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması və Azərbaycanın 19 sentyabr tarixində Dağlıq Qarabağa hücumu Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin məqsəd və motivləri ilə bağlı ciddi suallar doğurub" - deyə, Paşinyan bildirib.
O xəbərdarlıq edib ki, Bakının separatçı qüvvələr üzərində yekun qələbəsindən sonra "etnik təmizləmə" baş verərsə, bununla bağlı tam məsuliyyəti Bakı və Rusiya sülhməramlıları daşıyacaq.
Rusiya Xarici İşlər Nazirliyi bəyanatında Paşinyanın sözlərini rədd edərək, bunları "daxili və xarici siyasətdəki uğursuzluqlara görə məsuliyyətdən yayınmaq cəhdi" adlandırıb və Ermənistan rəhbərliyini "Ermənistanın inkişafına yeni, Qərb istiqaməti vermək üçün atdığı addımlarda" günahlandırıb.
"Yerevan rəhbərliyi Ermənistanın Rusiya ilə çoxşaxəli və çoxəsrlik əlaqələrini bilərəkdən pozmağa cəhd etməklə, ölkəni Qərbin geosiyasi oyunlarında girov olaraq saxlamaqla böyük səhvə yol verir" - deyə, nazirlik qeyd edib.
Bəyanatda həmçinin qeyd olunub ki, Yerevanda Paşinyanın istefası tələbi ilə davam edən etiraz aksiyalarının Rusiya ilə əlaqələndirilməsi ilə bağlı bütün iddiaların "reallıqla heç bir əlaqəsi yoxdur".
Yerevan sentyabrın 25-də bildirib ki, Bakının "yerli xarakterli antiterror tədbirləri" adlandırdığı tədbir nəticəsində keçən həftə Bakının regiona nəzarətini təsdiqləməsindən sonra 6000-dən çox etnik erməni Dağlıq Qarabağı tərk edərək Ermənistana gedib.