Rusiyada koronavirusa yeni rekord sayda yoluxma halı qeydə alınıb

Rusiyada mayın 3-də koronavirusa daha 10 600 yeni yoluxma halı qeydə alınıb. Bu, bir gün ərzində yeni rekord artımdır. Ölkədə koronavirus testlərinin aparılması genişləndirilib.

Yeni yoluxmaların sayının artması ilə Rusiya 134 687 yoluxma halı ilə dünyada yeddinci yerdədir. Mayın 2-də 9623 yoluxma halının qeydə alınmasından sonra bu, bir-birinin ardınca ikinci rekord artım olan gündür.

Rusiya hazırda Avropada ən çox yeni yoluxmaların qeyd edildiyi ölkədir. Lakin koronavirus nəticəsində ölüm hallarının rəsmi statistikası İtaiya, İspaniya və Birləşmiş Ştatlarla müqayisədə daha azdır.

Son 24 saat ərzində koronavirus nəticəsində 58 nəfər həyatını itirib. Bununla rəsmi rəqəmlərə əsasən, Rusiyada ölənlərin sayı 1280-ə çatıb. Virusa yoluxan 15000-dən çox insanın sağaldığı bildirilir.

Aprelin 30-da koronavirusa test nəticələrinin müsbət olduğunu bildirən baş nazir Mixail Mişutin də yoluxanlar arasındadır.

Rusiyada epidemiyanın episentri olan Moskvanın meri Sergey Sobyanin paytaxtda yoluxma hallarının hələ pik nöqtəyə çatmadığını və onun şəhərdə hərəkətlə bağlı yeni məhdudiyyətlər tətbiq edə biləcəyini bildirib.

Moskva sakinləri evdən yalnız ərzaq almaq, aptekə getmək, zibil tullamaq və itlərini gəzdirmək üçün çıxa bilərlər. Fərdi və ictimai nəqliyyatdan istifadə etmək üçün onlar hökumət tərəfindən verilən rəqəmsal vəsiqə almalıdır.

Rusiyada qeydə alınan yeni yoluxma hallarının yarıdan çoxu – 5948 yoluxma Moskvada qeydə alınıb. Paytaxtda koronavirusa yoluxanların sayı 68606 nəfərdir. Sobyaninin bildirdiyinə görə, Moskva sakinlərinin 2 faizi – təxminən 250000 nəfər- koronavirusa yoluxub.

Moskva əhalisinin rəsmi sayı 12.7 milyondur. Lakin real rəqəmin daha böyük olduğuna inanılır.

Prezident Vladimir Putin vəziyyəti “çox çətin” adlandırıb.