Rusiyada COVID-19-dan ölüm halları beşinci gündür rekord səviyyədədir

Rusiyada artıq ardıcıl olaraq beşinci gündür COVID-19-dan ölüm halları rekord səviyyədədir. Rəsmilər vaksiyasiya səviyyəsinin aşağı olması səbəbilə daha da artan yeni yoluxmalar dalğasına qarşı mübarizə aparmaqda çətinlik çəkirlər.

İyulun 3-də milli koroavirusla mübarizə işçi qüvvəsi son 24 saat ərzində 697 ölüm halının, 24 400 yeni yoluxmanın qeydə alındığını bildirib.
Bu artıq ardıcıl olaraq beşinci gündür ki, ölüm halları rekord həddə çatır və yanvar ayın ölkə ikinci dalğa ilə mübarizə apardığı vaxtdan bəri ən yüksək yoluxma halları qeydə alınır.
Rusiya da digər ölkələrdə olduğu kimi, yoluxmalardakı artıma görə başqa ştammlardan daha yoluxucu olan COVID-19-un Delta variantını günahlandırıb.

Qərb ölkələrinin səhiyyə rəsmiləri deyib ki, Pfizer/BioNTech, Moderna, AstraZeneca və Johnson & Johnson kimi əsas vaksinlər Delta variantına qarşı qoruyur. Rusiya rəsmiləri deyir ki, Rusiyanın Sputnik V vaksini də həmin ştamma qarşı qoruyur.

Rusiyada yeni yoluxma dalğasına səbəb bir çox rusların vaksin olmağa istəksiz olmalarıdır. Əhalinin yalnız 15 faizi peyvənd olub. Bir çoxları isə vaksin olmağa qarşı istəksin olmalarına elmə və əsasən də rəsmilərə olan inamsızlığı səbəb göstərirlər.

Rusiyanın bir çox regionu, o cümlədən Moskva restoranlar, barlar və başqa ictimai yerlərə məhdudiyyətlər tətbiq edib. Moskvanın meri Sergey Sobyanin yoluxmalardakı artımı azaltmaq məqsədilə vaksiyaniya kampaniyası elan edib, Prezident Vladimir Putin isə insanları vaksin vurmağa çağırıb.

Lakin bir çox müşahidəçi onun bəzi ruslar üçün vaksin mandatını dəstəkləməkdən imtina etdiyini, heç bir dəlil irəli sürmədən Qərbin istehsal etdiyi vaksinlərin daha təhlükəli olduğunu irəli sürdüyünü və vaksinasiya probleminin miqyasını kiçiltdiyini bildirib.

Rusiya avqust ayında sınaqların son mərhələsindən öncə mübahisəli bir qərarla COVID-19 vaksinini təsdiqləyən ilk ölkə idi.

Lakin vaksinlərin paylanması və beynəlxalq ictimaiyyət tərəfindən təhlükəsiz və effektiv kimi tanınan peyvəndlə bağlı şübhələr kütləvi vaksinasiya səylərini çətinləşdirib.