Rusiyanın sərnişin təyyarəsi Misirdə qəzaya uğrayıb

Rusiyanın Misirin Şərm Əl-Şeyx kurortundan Sank Peterburqa uçan Airbus A-321 sərnişin təyyarsi havaya qalxandan 23 dəqiqədən sonra Sinay yarımadasının şimal-şərqində qəzaya uğrayıb. Təyyarənin 217 sərnişini və 7 ekipaj üzvü arasında ilkin məlumatlara görə sağ qalan yoxdur.

Medianın verdiyi məlumata əsasən, sərnişinlər və ekipaj üzvlərinin hamısı Rusiya vətəndaşlarıdır. Sərnişinlər arasında 17 uşağın olduğu bildirlir.

Hadisə yerinə çatan xilasetmə işçiləri təyyarənin ikiyə bölündüyünün və pilot kabinasının yarısının yandığının şahidi oub.

Qəzanın səbəbləri ilə bağlı müəyyən söz deyilməyib. Misir rəsmiləri təyyarənin vurulduğu ehtimalını istisna ediblər. Eyni zamanda, qeyri-rəsmi məlumatlarda təyyarənin ekipajının havaya qalxandan az sonra texniki nasazlıq haqda məlumat verdiyi və aerobusla əlaqənin kəsilməsindən öncə təcili eniş istədiyi bildirilir.

Təyyarə qəzasına nəyin səbəb olduğu qeyri-müəyyən qaldığı vaxt İslam Dövləti qrupunun Misirdəki qolu onun yerə düşməsinə görə məsuiyyəti öz üzərinə götürüb, lakin heç bir dəlil göstərməyib.

Rusiyanın Nəqliyyat naziri Maksim Sokov İslam Dövləti qrupunun iddiasını təkzib edərək, bunun həqiqət uyğun olmadığını bildirib. İslam Dövləti qrupunun Sinaydakı yaraqlılarının belə yüksək səviyyədə uçan təyyarəni vurmaq üçün raketləri yoxdur. Aerobus yerə düşməzdən əvvəl 9 100 metr yüksəklikdə uçurdu.

Bu, Misir səmasında son 10 ildən artıq bir müddət ərzində ilk təyyarə qəzasıdır. 2004-cü ildə Fransa təyyarəsi Qırmızı dəniz üzərində uçarkən qəzaya uğramışdı.

Rusiya prezidenti Vladimir Putin hadisə qurbanlarının xatirəsini anmaq üçün ölkədə bir günlük milli matəm elan edib.