Rusiya Əfqanıstanla bağlı konfrans keçirəcək

Rusiyanın Əfqanıstan üzrə xüsusi elçisi Zamir Kabulov

Rusiya Əfqanıstandakı sülh prosesini irəlilətmək üçün 18 mart tarixində başlayacaq üç günlük konfransda iştirak etmək üçün Əfqanıstanın aparıcı siyasətçilərinə, Talibana, ABŞ-ın, Çini və Pakistanın elçilərinə dəvət göndərib.

Təklif ilk dəfə Rusiyanın Əfqanıstan üzrə xüsusi elçisi Zamir Kabulov tərəfindən keçən ay Rusiyanın Sputnik xəbər agentliyinə verdiyi müsahibədə səsləndirilib.

Doha sülh danışıqlarının dalana dirəndiyini deyən Kabulov agentliyə bildirib ki, onun hökuməti amerikalıları Moskva görüşünə dəvət edib.

“Yeri gəlmişkən, amerikalıların təşəbbüsü ilə son 2 ildə ortaya çıxan və dəstəklədiyimiz başqa bir mexanizm var - Əfqanıstanda proseslərə ən böyük təsir olan dövlətlərdən kiçik bir qrup yaratmaq. Buraya Rusiya, ABŞ və Çindən başqa təbii olaraq Pakistan və İran da daxildir” - deyə, o, Sputnik agentliyinə bildirib.

Kabulov İranın diplomatik fikir ayrılıqlarına görə amerikalılarla masaya oturmaqda tərəddüd etdiyini, ancaq Tehranın mövqeyinin dəyişəcəyinə ümid etdiyini qeyd edib.

Əfqanıstanın Xarici İşlər Naziri Məhəmməd Hanif Atmar hökumətinin Moskvadakı konfransda iştirak edib-etməyəcəyi məsələsini nəzərdən keçirdiyini bildirib.

Əfqanıstanın Milli Barış üzrə Ali Şurasının (HCNR) sözçüsü Faraydun Xvazun da dəvətin nəzərdən keçirildiyini açıqlayıb.

Rusiyanın Kabildəki səfiri Dmitriy Jirnov son bir neçə həftə ərzində Abdullah Abdullah və Həmid Karzai daxil olmaqla Əfqanıstanın bir sıra liderləri ilə görüşüb.

Bu arada Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Ducarriç beynəlxalq agentliyin Əfqanıstanla əlaqədar xarici işlər naziri səviyyəsində konfrans çağırılması üçün ABŞ-dan hələ rəsmi bir müraciət almadığını bildirib.

"Mediada olduğu üçün xəbər tutduq, amma bildiyim qədər o məktubu rəsmi olaraq almamışıq" - deyə, o qeyd edib.

Bununla bərabər, o, BMT-nin "münaqişənin sülh yolu ilə həllinə dair hər hansı səyi dəstəkləməyə hazır olduğunu və tərəflərin istəyi olduğu təqdirdə kömək etməyə hazır olduğumuzu" da əlavə edib.