Rusiya, bazar ertəsi ölkənin qlobal internet şəbəkəsindən əlaqəsi kəsildiyi halda daxili internet infrastrukturunun etibarlılığını yoxlamaq məqsədi ilə sınaqlar keçirəcək.
Rabitə Nazirliyi 23 dekabr tarixində həyata keçirilməsi nəzərdə tutulan testin adi istifadəçilərə təsirinin olmayacağını bildirib.
RusiyanNoyabr ayında internet şəbəkəsi üzərində dövlət nəzarətini sərtləşdirmək məqsədi ilə "suveren internet" adlı qanun qəbul edib.Söz azadlığı fəallarının fikrincə, bu qanun ölkənin kiber məkanına hökumətin nəzarətini gücləndirməyə imkan verəcək.
Qanun ABŞ-ın Moskvanı haker hücumlarını həyata keçirməkdə ittiham edən milli kiber təhlükəsizlik strategiyasının Rusiyanın sözləri ilə "aqressiv xarakterinə" cavab olaraq, Rusiyada internetin fəaliyyətini təmin etmək üçün bir vasitə olmaq məqsədilə hazırlanıb.
Qanuna əsasən, sınaqlarda bütün rabitə operatorları, mesajlaşma xidmətləri və elektron poçt provayderləri, habelə dövlət qurumları və təhlükəsizlik xidmətləri iştirak etməlidirlər.
Cümə axşamı illik mətbuat konfransında çıxış edən Prezident Vladimir Putin, azad internetin və suveren internetin bir-birinə zidd olmadığını təkid edib.
"Qanun yalnız bir məqsədə yönəldilib - əsasən xaricdən idarə olunan qlobal şəbəkə ilə əlaqənin kəsilməsinin mənfi nəticələrinin qarşısını almağa" deyən Putin həmçini əlavə edib: "İnterneti bağlamaq üçün heç bir addım atılmayacaq və biz bunu etmək niyyətində də deyilik."
Qanunvericilik Rusiyada internet və dataları dövlət orqanları tərəfindən nəzarət edilən nöqtələr vasitəsi ilə istiqamətləndirmək və ölkənin xaricdən gələn sistemlərdən asılılığına son qoyacaq milli Domen Adı Sistemini qurmaq məqsədi daşıyır.
Bazar ertəsi keçiriləcək sınaqlar tədqiqat xarakterlidir. Bu barədə jurnalistlərə rabitə nazirliyinin sözçüsü Yevgeni Novikov xəbər verib. Məqsəd Rusiyada internet və rabitə infrastrukturuna potensial xarici təsirlərin tam spektrini araşdırmaqdır.
Suveren internet qanununa əsaəsən, təhlükə yaranarsa, Rusiyanın rabitə keşikçisi "Roskomnadzor" ölkənin şəbəkəsini mərkəzdən idarə edə bilər.
Tənqidçilər deyir ki, qanun hakimiyyət orqanlarına mənbələrə və məlumatlara çıxışı məhdudlaşdırmağa imkan verir.
Reuters-ə məlumat verən mənbə bildirib ki, sentyabr ayında keçirilən sınaqlar zamanı ölkənin əsas operatorları qanun tələbinə uyğun olaraq Sibirin Tümen şəhərindəki şəbəkələrinə avadanlıqlar quraşdırmağa başlayıb.
Mənbə bu testlər zamanı rabitə keyfiyyətinin xeyli pisləşdiyini də əlavə edib.