Rusiya Suriyada atəşkəs əldə edilməsinə dair danışıqlar keçirilməsini təklif edib. Avropa diplomatları isə bu təklifə skeptik münasibət bəsləyir. Onlar bunu Hələbdə Rusiya təyyarələrinin hücumlarını intensivləşdirməsi üçün əlavə vaxt qazanmaq taktikası kimi qiymətləndirir.
Rusiyanın xarici işlər naziri Moskvanın spesifik təklif irəli sürdüyünü bildirib. Sergey Lavrov deyib ki, təklifə Amerikanın münasibəti gözləniləcək və bundan sonra təklif Suriyaya Beynəlxalq Dəstək Qrupuna təqdim ediləcək.
Lavrov təklif barədə bəyanatı ABŞ dövlət katibi Con Kerri ilə Münhen görüşü zamanı verib.
Qərb mediası yazır ki, Rusiyan atəşkəs təklifinin martın 1-də qüvvəyə minməsini istəyir. Lakin ABŞ atəşkəsin humantitar böhranın dərinləşdiyi Hələbdə dərhal əldə edilməsinə çalışır.
Müxalifət: Rusiyanın qətl kampaniyasına son qoyulmalıdır
Suriya müxalifətinin liderləri atəşkəsin Rusiyanın hava zərbələrini dayndırmasına yardım edərsə qəbul ediləcəyini bəyan edib. Lakin müxalifət bildirir ki, İrana arxalanan yaraqlılar və Hizbullah döyüşçüləri də daxil edilməklə, Dəməşq rejiminə dəstək verənlər atəşkəsi qəbul etməlidir.
Digər bir müxalif koalisiyasının rəhbəri Rusiyanın təklifinin Əsədin yeni hərbi kampaniyalara hazırlığı üçün bəhanə adlandırıb.
Con Kerri Lavrovla Suriyada baş verənlərin bütün aspektlərinin müzakirə edildiyini deyib. Dövlət katibi atəşkəslə bərabər mülki əhaliyə humanitar yardımlar çatdırılması imkanının əldə ediləcəyinə ümid bəslədiyini ifadə edib.
Mümkün dönüş nöqtəsi
Avropa diplomatları atəşkəsin gecikdirilməsinə dair təklifi Rusiya və Suriya qüvvələrinə Hələbin geri alınması səylərinə imkan kimi dəyərləndirir. Onlar bununla Türkiyəyə qaçqın axınının artacağı barədə xəbərdarlıq verir.
2012-ci ildən rəqib döyüşçülərin nəzarəti altında olan Hələbin geri alınması Bəşar Əl-əsəd rejimi üçün opponentlərinin susdurulmasında dönüş nöqtəsi ola bilər.
Avropa İttifaqının bir diplomatı Moskvanın Ukrayna il bağlı mövqeyini nümunə göstərib.
Suriya Ukrayna ilə müqayisədə
Diplomat deyib ki, Ukraynaya baxın. "Atəşkəs qüvvdədir, həll carəsi mövcuddur. Lakin döyüşlər və təzyiqlər səngimək bilmir”-deyə diplomat bildirib.
Kerri və Lavrov 17 ölkənin təmsil etdiyi Beynəlxalq Dəstək Qrupunun üzvləri ilə görüşüb.
Rusiya və Suriyanın hava kampaniyaları BMT-nin vasitəçiliyi ilə həyata keçirilən danışıqları dalana dirəyib.
Danıqışların fevral ayının 25-ə təyin edilən növbəti raundunda Suriya hökuməti və müxalifətin təmsilçiləri iştirak edəcək.
Bir həftədə 100 000 qaçqın
Ötən həftə donor ölkələrin Suriya ilə bağlı konfransından sonra 100 minə yaxın suriyalı evlərini tərk edib.
London konfransında 5 ildir davam edən müharibənin təsirinə məruz qalmış suriyalılara 7 milyard dollarlıq humanitar yardım toplamaq qarşıya məqsəd qoyulmuşdu.
ABŞ-ın Suriyadakı sabiq səfiri Robert Ford bildirib ki, ən mühüm iş Rusiya və Suriyaya hava kampaniyalarını dayandırmaq üçün təzyiq göstərilməsidir.
Səfir ABŞ-ı Rusiyaya lazımi təzyiq göstərməməkdə günahlandırıb.