Suriya prezidenti Bəşar Əl-Əsəd prezident Vladimir Putinlə görüşmək və üç həftədir Əsəd ordusunu dəstəkləyən Rusiya hərbi kampaniyasını müzakirə etmək üçün Rusiyaya etdiyi nadir səfərindən qayıdıb.
Əsəd 2011-ci ildən bəri xaricə səfər etməyib. Elə həmin il təhlükəsizlik qüvvələrinin dinc nümayişçilərlə toqquşması sonradan 240 min insanın ölümünə səbəb olan vətəndaş müharibəsinə gətirib çıxarıb.
Moskva görüşü zamanı Əsəd hərbi yardıma görə Putinə təşəkkürünü bildirib və deyib ki, Rusiyanın köməyi olmadan “terrorizm” daha geniş ərazilərə yayıla bilərdi.
Putin bildirib ki, Suriyada bütün hərbi fəaliyyət siyasi prosesə gətirib çıxarmalıdır.
Suriya hökuməti bir qayda olaraq üsyançıları “terrorçu” adlandırır, ABŞ və digər ölkələr Rusiyanın İŞİD yaraqlılarını deyil, üsyançıların mövqelərini hədəf aldığına görə tənqid edib.
Danışıqlar Rusiya və ABŞ təyyarələrinin Suriya üzərində bir-birindən təhlükəsiz məsafədə fəaliyyət göstərməsinə dair memorandum imzalaması ilə eyni günə təsadüf edib.
Pentaqon sözçüsü Piter Kuk müxbirlərin təhlükəsiz məsafənin nə qədər olduğu barədə sualı cavablandırmaqdan yayınıb.
Kuk deyib ki, Russiya razılığın detallarının ictimailəşdirilməməsini istəyib.