Rusiya Suriyada hava hücumlarını intensivləşdirib

Rusiya Suriyada İslam Dövlətinə qarşı hava hücumlarını intensivləşdirib.

Müdafiə Nazirliyinin bildirdiyinə görə, qırıcı təyyarələr son 24 saat ərzində təlim düşərgələri, silah anbarları və komanda postları daxil edilməklə, İŞİD-in 10 mövqeyini hədəf alıb.

Hücumların əksəriyyəti İdlib vilayətində, digərləri isə İŞİD-in sabiq paytaxtı Raqqada həyata keçirilib.

Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, Rusiyanın Homs və Hamada da hücumlar həyata keçirildiyindən şübhələnilir.

Rusiya hücumlara keçən həftə qərbin tənqidlərinə baxmayaraq başlayıb.

Qərb hökumətləri Rusiyanın İŞİD deyil, Əsəd rejiminə rəqib qüvvələri hədəf aldığını deyir.

Britaniyanın baş naziri Devid Kameron Rusiyanın İŞİD-ə qarş mübarizəyə qoşulmasını alqışlasa da, regionda sabitliyin bərqərar edilməsi üçün Əsədin hakimiyətdən getməsinin vacibliyini qeyd edib.

"Orada qəssab Əsədə dəstək verilir. Bu, həm onlara, həm də bütün dünyaya ziddir" –deyə Kameron BBC-də bildirib.

Britaniyanın müdafiə rəsmiləri Rusiyanın hava hücumlarının yalnız 5 faizinin İslam Dövlətinə qarşı yönəldiyini deyir.

Böyük Britaniyanın daxili təhlükəsizlik naziri Matkl Fallon Sun qəzetinə müsahibəsində Rusiyanın bombalarının çoxunun Qərbin dəstəklədiyi Azad Suriya Ordusu da daxil olmaqla, Suriyadakı üsyançı qrupları hədəf aldığını və mülki vətəndaşların həyatına son qoyduğunu bildirib.

“Biz hər səhər hücumların harada keçirildiyini təhlil edirik” – deyə Fallon bildirib. Onun sözlərinə görə, hücumların böyük əksəriyyəti ümumiyyətlə İŞİD əleyhinə deyil.

Cümə günü ABŞ prezidenti Barak Obama münaqişənin Vaşinqtonla Moskva arasında müharibəyə yol açmadığını deyib. Baxmayaraq ki, tərəflər Suriya daxilində fərqli qruplara dəstək verir.

Preizdent Obama Suriyada ekstremist qrupa qarşı mübarizə aparmaq üçün siyasi keçid prosesinin Suriya prezidenti Bəşar Əl-Əsəd olmadan baş verməli olduğu haqda çağırışını təkrar edib.