Suriyada Rusiyanın iki hərbçisi öldürülüb

Rusiya əsgərləri Suriyanın Homs vilayətində Palmira şəhərində

Rusiyanın iki hərbçisi Suriyada minomyot hücumu zamanı həlak olub, bir hərbçi yaralanıb. Bu barədə Rusiyanın Müdafiə nazirliyi məlumat verib.

"Rusiyanın Suriya hərbi qüvvələrinin birləşməsində müqavilə əsasında təlimatçı kimi xidmət göstərən iki hərbçisi üsyançılar tərəfindən minomyot atəşinə tutulub. Minanın partlaması nəticəsində Rusiyanın iki hərbçisi həlak olub"-deyə İnterfaks agentliyi Rusiyanın Müdafiə nazirliyinə istinadən məlumat verib.

Üçüncü hərbçinin ağır yaralandığı bildirilir.

Hərbçilər Rusiyanın hərbi müşavirləri ilə bərabər Suriya ordusunun birləşməsində olublar.

Müdafiə nazirliyi hücumun harada baş verdiyi ilə bağlı detalları dəqiqləşdirməyib.

Rusiyanın Müdafiə nazirliyinin bildirdiyinə görə, bu insidentdən sonra Suriyada ölən hərbçilərin sayı 29-a çatır.