Rusiyanın 100-dən çox şəhərində “Seçicilərin tətili” mitinqləri keçirilib

Rusiyanın 100-dən çox şəhərində-Omskdan tutmuş Moskva və Sankt Peterburqa qədər müxalifət lideri Aleksey Navalnı və onun tərəfdarlarının təşkil etdiyi “Seçicilərin tətili” mitinqləri keçirilib. Medianın verdiyi məlumata görə, bu şəhərlərin yarıdan çoxunda-46 şəhərdə mitinqlərin keçirilməsinə icazə verilib. Aksiyalarda minlərlə insanın iştirak etdiyi bildirilir. Ən kütləvi yürüşlər Moskva və Sankt Peterburq şəhərlərində keçirilib. Polisin fəalları dağılmağa çağırdığı, kütləvi həbslərin olmadığı bildirilir.

Moskvada etiraz aksiyalarında Navalnı daxil olmaqla 16 fəalın saxlandığı bildirilir. Navalnı məhkəməyə qədər polis şöbəsində saxlanılır. Rusiyada mart ayında keçirilən prezident seçkilərində namizədliyini irəli sürmüş tele aparıcı Kseniya Sobçak Navalnını polis idarəsində ziyarət edib. Sobçakın ona yemək və su gətirdiyi bildirilir.

Aleksey Navalnı Moskvada polis tərəfindən saxlanılan zaman

Navalnı “Seçicilərin tətili” mitinqlərini onun 2018-ci ilin mart ayında keçiriləcək prezident seçkilərində iştirakına qadağa qoyulmasına etiraz əlaməti olaraq təşkil edib. Müxalifət lideri seçkiləri ədalətsiz adlandırır və öz tərəfdarlarını səsvermədə iştirak etməməyə çağırır.

Navalnının seçkilərdə iştirakı onun şərti həbs cəzasına məhkum olması ilə əlaqədar qadağan edilib. Müxalifət lideri özü bu ittihamları uydurma adlandırır. O, 17 idir Rusiyada prezident və baş nazir kimi hakimiyyətdə olan prezident Vladimir Putinin vəzifədə uzun müddət qaldığını bildirir.

Moskvada etiraz nümayişinin iştirakçıları

Navalnının sözlərinə görə, Putinin populyarlığı qərəzli media və legitim opponenetləri prosesdən kənarlaşdıran seçki sistemi ilə əlaqədardır.