Putinin prezident seçkisinə namizədliyini dəstəkləyən təşəbbüs qrupu qeydiyyata alınıb

Rusiyanın Mərkəzi Seçki Komissiyası Vladimir Putin gələnilki prezident seçkisinə namizədliyini dəstəkləyən təşəbbüs qrupunu qeydiyyata alıb. Ona xüsusi seçki hesabı açmağa və seçki təbliğatı kampaniyası başlatmağa icazə verilib.

Putin sənədlərini az öncə təqdim etmişdi. Özü namizədliyinin rəsmən irəli sürüldüyü tədbirə «gərgin qrafik» üzündən qatılmamışdı.

Vladimir Putinin 65 yaşı var. O, 1999-cu ildən Rusiyaya rəhbərlik edir. Bunun 13 ilini prezident postunda, dörd ilini hökumət başında keçirib.

Rusiyada prezident seçkisi 2018-ci il martın 18-nə təyin olunub.

Aparıcı müxalifətçi Aleksey Navalnının namizədliyi qeydə alınmayıb. MSK onun nə vaxtsa məhkum olunduğunu əsas gətirərək seçkiyə buraxmayıb. Bundan sonra Navalnı seçkini boykot etməyə çağırıb, ümumrusiya etiraz aksiyası elan edib.