NATO-nun baş katibi Rusiyanın Ukraynaya dair beynəlxalq öhdəliklərinə hörmətlə yanaşmadığını deyib və əlavə edib ki, xarici işlər nazirləri arasında keçiriləcək görüş Ukraynanın hərbi imkanlarını inkişaf etdirməyə həsr ediləcək.
Anders Foqh Rasmussen deyib ki, ABŞ Dövlət katibi Con Kerrinin də iştirakı ilə Brusseldə keçiriləcək xarici işlər nazirlərinin görüşündə Rusiya ilə münasibətlər müzakirə ediləcək və növbəti addımlar müəyyən ediləcək.
Rusiya Ukrayna hökuməti ilə rusiyapərəst separatçılar arasında davam edən zorakılığa son qoyulmasına kömək etmədiyi təqdirdə NATO ölkələri tərəfindən daha sərt sanksiyalara məruz qala bilər.
Moskvada Rusiya parlamentinin yuxarı palatası prezident Vladimir Putinin müraciətinə əsasən Rusiya qoşunlarının Ukraynaya daxil olmaq icazəsinin ləğv edilməsinə səs verib.
Ukrayna rəsmiləri Rusiya ilə sərhəddə rusiyapərəst separatçıların Ukrayna hərbi vertolyotunu vurduğunu bildirib. Hadisə nəticəsində azı doqquz hərbçi həlak olub.