Ukrayna ilə bağlı gərginliyin artdığı bir vaxt Rusiya Prezidenti Vladimir Putin təhlükəsizliklə bağlı ABŞ və NATO-nu yenidən “təcili” danışıqlara çağırıb.
Kremlin bildirdiyinə görə, Putin dekabrın 14-də finlandiyalı və fransalı həmkarları ilə telefon danışıqları zamanı bu çağırışı bir daha təkrarlayıb.
Son həftələr Ukrayna və onun qərb himayədarları Rusiyanı gələn ayın əvvəlində işğala mümkün başlanğıc kimi sərhədləri yaxınlığında qoşun toplamaqda ittiham edib.
Rusiya rəsmiləri Moskvanın hər hansı hücuma hazırlaşdığını inkar edir. Moskva Ukraynanı təxribatda günahlandırır və qüvvələrini öz ölkəsi daxilində istədiyi yerə köçürmək hüququna malik olduğunu deyir.
“Dekabrın 14-də Finlandiya prezidenti Sauli Niinisto ilə telefon söhbətində Putin ölkəsinin təhlükəsizliyi məqsədi ilə beynəlxalq hüquqi təminatların işlənib hazırlanması üçün ABŞ və NATO ilə danışıqlara dərhal başlamaq zərurətini təkrarlayıb” - deyə, Kremlin bəyanatında bildirilib.
Bəyanatda tərəflərin Ukrayna ilə bağlı böhranı da müzakirə etdikləri bildirilib.
Kreml bildirib ki, elə həmin gün telefon danışığında Putin fransalı həmkarı Emmanuel Makrona Moskvanın NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq üçün Qərb ölkələri ilə dərhal danışıqlar aparmaq istədiyini deyib.
Kremlin bəyanatında “Rusiya prezidenti NATO-nun şərqdə daha da genişlənməsinin və Rusiyanı təhdid edən qonşu dövlətlərə, ilk növbədə Ukraynaya silah yerləşdirməsinin qarşısını alacaq qanuni təminatların işlənib hazırlanması üçün dərhal beynəlxalq danışıqlara başlamağın vacibliyini vurğulayıb” - deyə, bildirilib.
Putin oxşar tələbləri keçən həftə ABŞ Prezidenti Co Baydenlə virtual danışıqlarda və dekabrın 13-də Böyük Britaniyanın baş naziri Boris Consonla telefon danışığında da səsləndirib.
Avropa İttifaqının xarici işlər nazirləri dekabrın 13-də Brüsseldə bir araya gələrək, Moskva Ukraynaya yeni hərbi müdaxiləyə başlayarsa, ona qarşı sanksiyalarla cavab tədbirlərini müzakirə edib.
Avropa İttifaqı 2014-cü ilin martında Ukraynanın Krım bölgəsini zorla ələ keçirməsi və həmin ilin aprelindən bu yana 13200-dən çox insanın ölümünə səbəb olan münaqişədə Moskvanın Ukraynanın şərqindəki separatçıları dəstəkləməsinə görə Rusiyaya qarşı artıq bir neçə dəfə sanksiyalar tətbiq edib.
Bu arada Rusiyanın Xarici işlər nazirinin müavini Sergey Ryabkov xəbərdarlıq edib ki, NATO şərqə doğru genişlənməsinə son qoymağa zəmanət verməsə, Moskva “hərbi” cavab verəcək və taktiki nüvə silahlarını yerləşdirəcək.