Aclıq edən Alexey Navalnı həbsxana xəstəxanasına köçürülüb

Rusiya həbsxana rəsmilərinin bildirdiyinə görə, aclıq elan edən müxalifət lideri Alexey Navalnı həbsxana xəstəxanasına köçürülüb.

"Hazırda Navalnının səhhəti qənaətbəxş olaraq qiymətləndirilir və hər gün həkim tərəfindən müayinə olunur. Xəstənin razılığı ilə ona vitamin müalicəsi təyin edilib" - deyə, Federal Penitensiar Xidmətin açıqlamasında bildirilib.

Navalnının müttəfiqləri müxalifət liderinin Moskvanın şərqindəki ciddi qorunan həbsxanasındakı xəstəxanaya köçürülməsinə hələ ki, reaksiya verməyib.

Navalnının tərəfdaqlarından biri onun səhhəti ilə bağlı heç bir xoş xəbərin olmadığını deyib.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Lyubov Sobol aprelin 19-da Exo Moskvı radiosuna Navalnının müttəfiqlərinin siyasətçinin səhhəti ilə bağlı gün ərzində məlumat gözlədiklərini deyib.

Aleksey Navalnının vəkili Lyubov Sobol

Ailəsi və şəxsi həkimlərinin qan analizi nəticələrinin ürək tutması və ya böyrək çatışmazlığı riskinin yüksək olduğunu göstərdiyini açıqlamasından sonra Navalnı müttəfiqlərini ümummilli etirazlara çağırıb.

Çərşənbə gününə planlaşdırılmış aksiyalar prezident Vladimir Putinin Kremlin xaricindən xalqa illik müraciətini etdiyi günə təsadüf edir və bu, Moskvada Navalnı tərəfdarları ilə polis arasında qarşıdurmalara səbəb ola bilər.

Həftə sonu Navalnının həkimləri ailəsi tərəfindən müxalifət liderinin vəkillərinə təqdim edilmiş qan təhlillərinin kalium səviyyəsinin “təhlükəli” həddə çatdığını göstərdiyini bildirib.

“Bu o deməkdir ki, hər an böyrəklərin funksiyası və ürək ritminin ciddi pozulması kimi problemlər yarana bilər”, Navalnının şəxsi həkimi Anastasiya Vasilyeva və daha üç həkim tərəfindən imzalanmış məktubda deyilir.

44 yaşlı Navalnı ona lazımi tibbi xidmət göstərilmədiyinə etiraz olaraq həbsxanada üçüncü həftədir aclıq edir. Müxalif siyasətçi Moskvanın 100 kilometrliyində yerləşən həbsxanada 2 il yarımlıq həbs müddətini çəkir.