ABŞ qanunvericiləri Tramp administrasiyasını Aleksey Navalnının zəhərlənməsi ilə bağlı istintaqa çağırır

Your browser doesn’t support HTML5

Birləşmiş Ştatların yüksək səviyyəli qanunvericiləri Tramp administrasiyasını Rusiyanın müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi ilə bağlı istintaq başlatmağa çağırır.

Müxalifət lideri Aleksey Navalnının ötən ay zəhərlənməmişdən əvvəl Sibirin Tomsk şəhərində Rusiya hökumətinin korrupsiyası ilə bağlı çoxsaylı araşdırmalardan biri üzərində işlədiyi bildirilir.

Moskvaya dönərkən xəstələnən Navalnı daha sonra Almaniyaya aparılıb. 44 yaşlı müxalifət lideri artıq Berlinin Charité xəstəxanasında komadan ayılıb, lakin onda zəhərlənmənin uzunmüddətli fəsadlarının olub-olmayacağını müəyyən etmək üçün hələ tez olduğu deyilir. Kreml zəhərlənmədə əli olduğunu inkar edir və ona qarşı irəli sürülən cinayət ittihamlarını rədd edir.

Prezident Donald Tramp keçən həftə Navalnının zəhərlənməsi barədə suala belə cavab verib: “Bizdə hələ bir dəlil yoxdur. Lakin mən bu məsələ ilə məşğul olacağam. Maraqlıdır ki, hamı hər zaman Rusiyadan bəhs edir və mən sizin Rusiyadan bəhs etməyinizin əleyhinə deyiləm, lakin düşünürəm ki, bu hazırda Çin sizin Rusiyadan daha çox danışmalı olduğunuz bir mövzudur, çünki Çin daha piş işlər görür."

Trampın açıqlamalarına baxmayaraq, ABŞ-ın dövlət katibi Mayk Pompeo daxil olmaqla, Böyük Yeddiliyin xarici işlər nazirləri çərşənbə axşamı zəhərlənməyə görə Rusiyanı qınayan bəyanat yayıb.

Onların açıqlamasında Almaniyanın səhiyyə üzrə mütəxəssislərinin Navalnının sinir sistemini iflic edən kimyəvi maddə ilə zəhərləndiyinə dair sübutlarına istinad edilib. Onlar Rusiyanı günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Kapitolidə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Eliot Engel və Respublikaçı Maykl Makkol prezident Trampa təhqiqatın başladılmasını tələb edən məktub göndərib.

Nümayəndələr Palatasının üzvü Bill Kitinq Amerikanın Səsinə Navalnı ilə bağlı məsələyə hər iki partiyadan dəstəyin olduğunu deyib. "Ümid edir və düşünürəm ki, bu, Demokratlar və ya Respublikaçıların ayrı-ayrılıqda deyil, həm də birlikdə müzakirə edəcəyi məsələ olacaq."

Nümayəndələr Palatasının Demokrat üzvü Tom Malinovski Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyalara çağırıb. "Sanksiyalar özü-özlüyündə Vladimir Putini pişiyə çevirən deyil, ancaq cəzalandırıcı sanksiyaların olmaması belə bir mesaj göndərəcək ki, dünya bu cür davranışa dözür və onun qarşısını almaqda acizdir."

Kreml Almaniyanın Navalnının zəhərləndiyinə dair inkaredilməz sübutunun olduğunu söyləməsini “blef” adlandırıb.