Moskva məhkəməsi ABŞ hərbçisini 9 il həbs cəzasına məhkum edib

Moskva məhkəməsi ABŞ-ın keçmiş Hərbi Dəniz Donanması piyadası Trevor Ridi iki polis zabitinə hücumda günahkar bilərək, 9 il həbs cəzasına məhkum edib. Rid ona qarşı irəlin sürülən ittihamı rədd edib.

Moskvanın Qolovinski Rayon Məhkəməsinin hakimi Dmitri Arnaut mənəvi zərərə görə Ridin polis işçilərinin hərəsinə 150 min rubel (2000 dollar) ödəməsi barədə qərar çıxarıb.

Texasdan olan 29 yaşlı amerikalı rus dilini öyrənmək və rus sevgilisi Alina Tsibulniklə vaxt keçirmək üçün Moskvaya 2019-cu ilin may ayında gedib.

Avqustun 15-də, Texasa yola düşməzdən bir neçə gün əvvəl Rid və sevgilisi həmkarları tərəfindən təşkil edilən bir ziyafətə dəvət olunub. Qonaqlıqda həddən artıq araq içdiyini deyən Rid sonradan nələrin baş verdiyinin yadında qalmadığını iddia edir.

Bundan sonra evə maşınla gedən Rid özünü pis hiss etdiyi üçün sürücüdən maşını saxlamasını istəyib və maşından çıxıb. Sevgilisinin iş yoldaşı isə polisə zəng edib və Tsibulniklə Ridi tək qoyaraq, ərazini tərk edib.

Hadisə yerinə gələn iki polis məmuru Tsibulnikə Ridi ayıltmaq üçün polis bölməsinə aparacaqlarını və bir neçə saatdan sonra onun geri qayıda biləcəyini deyiblər.

Tsibulnik Azadlıq Radiosuna polis bölməsinə gələndə Ridin özlərini Federal Təhlükəsizlik Xidmətinin (FSB) işçiləri kimi təqdim edən iki nəfər tərəfindən vəkilsiz və tərcüməçisiz sorğu-sual edildiyini deyib.

Alina Tsibulnikə sevgilisinin sürücünün qolunu burduğunu, müdaxilə etməyə çalışan polis məmurunu itələdiyini və onun polis işçilərinin həyatını təhlükəyə atdığındada günahlandırıldığı deyilib.