Cinsi qısnamada təqsirləndirilən rusiyalı qanunverici bütün dünyanın diqqətini cəlb edib və bu hadisə Amerikanın #MeToo hərəkatına bənzədilir. Rusiya parlamentinin etika komitəsinin rus qanunvericiyə qarşı bütün ittihamları aradan qaldıraraq, ona bəraət qazandırması qadın şikayətçilərə dəstəyin artmasına səbəb olub. Bu isə Rusiya və Amerikada dəyişikliyə gətirib çıxaracağına dair ümid yaradıb.
İndi qadınlarda başlarına gələn hadisəni anlatmaq gücü var. İnternet isə bu hadisələrin yayılmasına imkan yaradır və beləcə qurbanlar bunun individual problem olmadığını anlayır və digər qadınların da onların arxasında, onlara dəstək olduğunu hiss edir.Emili Martin
Yekaterina Kotrikadze: “O məni ofisinə apardı, qapını bağlayıb məni divara qısnadı”
Dariya Juk: “Sən hələ də, hər şeyi inkar edəcəksən?”
Bu qadınlar rusiyalı qanunverici Leonid Slutskini cinsi qısnamada günahlandıran azı üç qadından ikisidir. Lakin Rusiyanın etika komitəsinin Slutskiyə bəraət qazandırmaq qərarı çox sayda etirazlara səbəb olub. Qadınlara dəstək artır və Rusiyanın 30-dan çox media orqanı jurnalistlərini Dövlət Dumasından geri çəkərək, artıq Rusiya Parlamentini işıqlandırmayacaqlarını bildirib.
Amerikada isə Qadınların Milli Demokratik Klubunun üzvləri deyir ki, Rusiyada da artıq Birləşmiş Ştatlarda olduğu kimi dəyişiklik etmək vaxtı gəlib çatıb.
“Anita Hil 1991-ci ildə ona qarşı olan cinsi qısnama məsələsini qaldıranda hər kəs onu qınadı. İndi isə o qədər məşhurun, Hollivuddan o qədər çox qadın, televiziya ulduzunun başına gələni anlatması bizim diqqəti bu məsələyə yönəltməmizə gətirib çıxarmağımız üçün dönüş nöqtəsi oldu. Ona görə də mən rusiyalı qadınlara demək istəyirəm ki, çəkinməyin, qorxmayın,” deyə Ceki Spayer bildirir.
Vaşinqtonda kaliforniyalı demokrat qanunverici Ceki Spayer deyir ki, Konqres üzvləri artıq cinsi qısnama ilə bağlı icbari təlimlərdən keçməlidir. Bundan əlavə Nümayəndələr Palatası cinsi qısnama qurbanlarının özlərini müdafiə etmələrini asanlaşdıracaq qanun qəbul edib.
“Birincisi, bu qanun qurbanları hüquqi məsləhətçisi ilə təmin edir. Bu özü artıq böyük dəyişiklikdir. Hüquqşünasın xərclərini isə Nümayəndələr Palatası ödəyir. Əgər tərəflər arasında pul razılığı əldə olunursa, həmin pul ilk öncə ABŞ Xəzinəsi tərəfindən ödənir ki, qurbana düzgün qaydada kompensasiya verildiyindən əmin olunsun. Daha sonra isə təqsirli tərəf Xəzinəyə pulu geri ödəyir,” Spayer söyləyir.
Bu o deməkdir ki, təqsirli bilinən qanunvericilər qurbanlara vergiödəyicilərinin deyil, öz ciblərindən pul verəcəklər. Ümumi olaraq son dörd ildə isə onlar 150 min dollar pul ödəyib.
Mən rusiyalı qadınlara demək istəyirəm ki, çəkinməyin, qorxmayın.Ceki Spayer
“İndi qadınlarda başlarına gələn hadisəni anlatmaq gücü var. İnternet isə bu hadisələrin yayılmasına imkan yaradır və beləcə qurbanlar bunun individual problem olmadığını anlayır və digər qadınların da onların arxasında, onlara dəstək olduğunu hiss edir. Bu, qadınlara öz hekayalərini anlatmağa cəsarətləndirir,” deyə Milli Qadınların Hüquq Mərkəzindən hüquqşünas Emili Martin bildirir.
Moskvadakı bu son hadisələrin Rusiyada Amerikadakı #MeToo hərəkatına bənzər bir hərəkatın başlamasına gətirib çıxarıb-çıxarmayacağını demək hələ tezdir. Amma feminist qruplar bildirir ki, Rusiyanın etika komissiyasının Leonid Slutskiyə qarşı irəli sürülən ittihamları rədd etməsinə baxmayaraq, onun istefası üçün çağırışlar getdikcə daha da artır.