Rusiya parlamentinin yuxarı palatası Maqnitski qanununa cavab sənədini təsdiq edib

Rusiya parlamentinin yuxarı palatası amerikalıların rus uşaqlarını övladlığa götürməsini yasaqlayan qanunu təsdiq edib. Federasiya Şurasının 143 üzvü sənədi yekdilliklə qəbul edib. Hazırda qanun prezident Vladimir Putinin imzasına göndərilib.

Sənəd ABŞ Konqresinin Maqnitski qanununa cavab mahiyyəti daşıyır.

“Sergey Maqnitski-qanunun aliyiyi və məsuliyyət” adlı qanun layihəsi 2009-cu ildə vəkil Sergey Maqnitskinin həbsxanada ölümü ilə bilavasitə əlaqəsi olan Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutur.

Qanun layihəsinə əsasən Maqnitskinin həbsi və ölümündə əlaqəsi olan Rusiya rəsmilərinə viza verilməsi qadağan edilir və onların ABŞ-dakı hesabları dondurulur.