Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova martın 18-də konstitusiya dəyişikliklərinə dair ümumxalq səsverməsinin koronavirusla əlaqədar vəziyyət "pisləşdiyi təqdirdə" 22 apreldən daha geç tarixə təxirə salınacağını bildirib.
"Mən vurğulamaq istəyirəm ki, geniş yayılmış pandemiya şəraitində heç kim səs verməyəcək. Aprelin 22-nə yaxın, müvafiq şöbələr, Rospotrebnadzor və ölkə rəhbərliyi bütün mümkün riskləri qiymətləndirərək təxirə salınmanın qaçılmaz olduğu qərarını verəcəklərsə, biz buna hazırıq" - deyə, o, MSK-nın iclasında çıxış edərək qeyd edib.
Bunu bir müddət sonra gündəlik brifinq zamanı Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqlədi. Onun fikrincə, təxirəsalma qərarı şəxsən Putin tərəfindən veriləcək.
Buna qədər koronavirus səbəbindən səsvermənin təxirə salınması və ya ləğv edilməsi fikrini Exo Moskva qəzetinin baş redaktoru Aleksey Venediktov irəli sürmüşdü. Ancaq hazırda Rusiya hakimiyyəti 114 yoluxma halına baxmayaraq, qapalı muzeylər, kinoteatrlar və məktəblərin və ayrı-ayrı universitetlərin evdən təhsilə köçürülməsi istisna olmaqla, koronavirusla əlaqədar heç bir fövqəladə vəziyyət tətbiq etməyib.
Prezident Vladimir Putin əvvəlcədən planlaşdırıldığı kimi səsverməni 22 aprel tarixinə təyin edib. Ancaq Pamfilova çərşənbə günü bunun "prezidentin səs vermənin tarixsiz təyin edilməsi haqqında fərman imzalaya bilmədiyi üçün" edildiyini söyləyib, əks halda MSK "ümumrusiya səsverməsinə hazırlaşmaq və onu təşkil etmək üçün heç bir qanuni səbəbimiz olmazdı " deyə o, qeyd edib.
Konstitusiyaya edilən bütün düzəlişlər bir paketdə referenduma təqdim ediləcək və verilən sual bu olacaq: "Rusiya Federasiyasının Konstitusiyasına edilən dəyişiklikləri təsdiqləyirsinizmi?"
Dövlət Duması, Federasiya Şurası və regional parlamentlər tərəfindən təqdim edilən və artıq qəbul edilmiş düzəlişlər arasında prezident Vladimir Putinin hakimiyyəti müddətlərinin ləğv edilməsini nəzərdə tutan bənd də var. Əvvəlcə Putin düzəlişləri arasında bunu təklif etməmişdi, lakin martın 10-da dəyişikliklər Dövlət Dumasında ikinci oxunuşda müzakirə edilərkən, Vahid Rusiya partiyasından olan deputat, dünyada ilk qadın olan kosmonavt Valentina Tereşkova əsas dəyişikliklərin edilməsi bəhanəsi ilə onu qəbul etməyi təklif edib. Dəyişiklik Putinə yenidən prezident seçilmək və qalib gələcəyi təqdirdə ən azı 2036-cı ilə qədər ölkəyə rəhbərlik etmək hüququ verir.