Rusiya iqtisadiyyatı zəifləyir

Qərbin sanksiyaları və yanacaq qiymətlərinin düşməsi nəticəsində Rusiya 100 milyard dollardan artıq vəsait itirəcək

Rusiya maliyyə naziri bildirib ki, Qərbin sanksiyaları və azalan benzin qiymətləri nəticəsində Rusiya 100 milyard dollardan çox vəsait itirəcək.

Bazar ertəsi Moskvada keçirilən iqtisadi forumda Anton Siluanov bildirib ki, Qərbin sanksiyaları nəticəsində Rusiya büdcəsi hər il 40 milyard dollar itirə bilər.

Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı Ukraynadakı zorakılıqlarına görə Rusiyaya qarşı bir sıra sanksiya tədbiq edib. Rusiya şərqi Ukraynada baş verən hərbi əməliyyatlardakı iştirakını inkar edir. Şərqi Ukraynada Rusiya tərəfdarı qüvvələr Ukrayna hökumət qoşunlarına qarşı döyüşlərdə iştirak edirlər.

Sulianov həmçinin bildirib ki, yanacaq qiyməti 30 faiz düşdüyü üçün Rusiya 100 milyard dollar itirə bilər.

Ria Novosti xəbər agentliyinin verdiyi məlumata əsasən, son üç ayda benzin qiymətlərinin düşməsi nəticəsində Rusiya rublu ABŞ dollarına qarşı 23 faiz dəyər itirib.