Rusiya COVID-19 yoluxmalarının sayına görə artıq dünyada ikinci yerdədir

Mayın 12-si səhərə olan məlumatlara görə, son gündə Rusiyada koronvirusa 10899 yeni yoluxma halı aşkarlanıb.

Koronavirusdan ölənlərin sayı 2116-ya yüksəldiyi halda, sağalaraq xəstəxanadan çıxan xəstələrin ümumi sayı 43512 nəfərdir.

Ölkədə yoluxanların ümumi sayı 232243-ə çatıb. Bu göstəriciyə görə Rusiya bütün pandemiya dövründə Böyük Britaniya və İspaniyanı üstələyərək dünyada ikinci yerə qalxıb. Cons Hopkins Universitetinin məlumatına görə, bu ölkələrdə, müvafiq olaraq 224332 və 227436 nəfərdə koronavirus aşkar edilib. Ən yüksək yoluxma göstəricisi ABŞ-a aiddir - 1,3 milyondan çox.

Mayın 12-i səhər saatlarına olan məlumata görə dünyada ümumi yoluxmaların sayı 4,250574-ə çatıb.

Rusiyada COVID-19-a yeni yoluxmalar 83 bölgədə qeydə alınıb. Ən çox virus Moskvada aşkarlanıb - 5392. Ümumilikdə paytaxtda 121301 xəstədə koronavirus müəyyən edilib, 1179 xəstə virusdan ölüb. Bir gün ərzində son ölüm sayı isə 55-dir.

Prezident Vladimir Putin mayın 12-dən etibarən qeyri-iş günlərinin başa çatdığını elan edib. İnfeksiya səbəbindən tətbiq olunan məhdudiyyətlərin qaldırılması məsələsi qubernatorlar tərəfindən həll edilməlidir. Federal səviyyədə kütləvi tədbirlərə qadağa qüvvədə qalır. Həmçinin 65 yaşdan yuxarı insanlar və xroniki xəstələr üçün özünütəcrid rejimi də ləğv olunmur.

Bundan əvvəl isə Moskvanın meri Sergey Sobyanin paytaxtdakı təcrid rejimini mayın 31-dək uzadıb və mayın 12-dən etibarən şəhərdə ictimai yerlərdə maskalar və əlcəklərin məcburi geyilməsi tətbiq olunur. Moskvada ictimai yerlərdə maska taxmamağa görə 4 min rubl cərimə tətbiq ediləcək. Nəqliyyatda isə bu cərimə 5 min rubl olacaq.

Moskva bölgəsində uşaqları olan imkansız ailələrə iyunun 15-dək 2,2 min rubl dəyərində ərzaq paketləri veriləcək. Bu barədə bölgə qubernatoru qərar verib.