ABŞ kəşfiyyatının rəsmisi: Rusiya və Çin daha sürətli ən müasir silahları inkişaf etdirməyə çalışır

Rusiyanın Avangard hypersonik raketinin komputerlə simulyasının nümayiş etdirildiyi video görüntü

ABŞ kəşfiyyatının yüksək səviyyəli rəsmisi bildirib ki, təkcə Rusiya deyil, Çin də Amerikanın ən müasir hərbi texnologiyalarının qarşılığında daha sürətli, futuristik silahların istehsalına çalışır.

Ordu general-leytenentı Robert Eşli Senatın Silahlı Qüvvələr komitəsində dinləmələr zamanı Çinin uzun mənzilli qanadlı raketlər istehsalını inkişaf etdirdiyini deyib. Onun sözlərinə görə, bu raketlərin bəzisi səs sürətindən daha yüksək sürətə nail ola bilər. General-leytenant Eşli bildirib ki, Çin həmçinin nüvə missiyasına malik bombardmançı üzərində işləyir və bu, Çinə quruda, havada və suda nüvə silahları sistemlərinə malik olmaq imkanı verə bilər.

Avangard hipersonik raketin komputer vasitəsilə simulyasiyası hədəfə doğru gedən cihazın raketlərdən müdafiə sistemini ötərək manevr etdiyini göstərir.

Çin və Rusiya ən müasir hərbi imkanların inkişaf etdirilməsi sahəsində ən ciddi təhlükə təşkil edir.

Keçən həftə Rusiya prezidenti Vladimir Putin radarların ələ keçirməsi mümkün olmayan strateji silah növlərini açıqlayıb. Bunlardan biri səs sürətindən 20 dəfə daha sürətli və kəskin manevlər edərək, raketlərdən müdafiə sistemi tərəfindən ələ keçirilməsi mümkün olmayan hipersonik cihazdır.

“Hipersonik cihazların inkişaf etdirilməsi daha uzaq məsafədəki hədəflərə daha tez və daha ağır zərbələr endirmək qabiliyyətini artırmaqla, müharibənin xarakterində inqilabi dəyişiklik yaradacaq. Çin də ballistik raketlərdən müdafiə sisteminə qarşı daha müasir silah başlıqlarına malik ballistik raketlər və hipersonik cihazlar istehsal etməyə başlayıb”, general Eşli bildirib.