Dövlət Departamenti: “Rusiyanın cavab tədbirləri əsassızdır” [Video]

Your browser doesn’t support HTML5

Dövlət Departamentinin sözçüsü Hezer Nauert ABŞ-ın, Britaniyanın və digər 25 ölkənin Rusiya diplomatlarının çıxarılması qərarına Rusiyanın cavab tədbirlərinə reaksiya bildirdi. Rusiya diplomatlarının çıxarılması qərarı keçmiş Rusiya casusunun və onun qızının Britaniyada zəhərlənməsindən sonra verilib. Nauert bildirib ki, Kremlin cavabı əsassızdır.

“Rusiya qurban kimi hərəkət etməməlidir. Bu hadisənin yeganə qurbanları Britaniyada zəhərlənmiş və hal-hazırda hospitalda olan iki nəfərdir.”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ diplomatlarının çıxarılması qərarını elan etdi və bildirdi ki, digər ölkələrin də diplomatları çıxarılacaq.

“Tədbirlər qarşılıqlı olacaq və yalnız bununla bitməyəcək. Biz burada danışdığımız müddət ABŞ səfiri cənab Hantsman nazirlikdədir. Orada mənim müavinim Sergey Ryabkov ABŞ-a ünvanlanan tədbirlərin mahiyyətini izah edir.”

Amerikanın Səsinə müsahibə verən ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman deyib ki, Rusiyanın keçən il kütləvi şəkildə 700 ABŞ diplomatını çıxarması qərarı sadə rusiyalılara və qarşılıqlı əlaqələrə zərər vurur.

“Bu bizim ehtiyac olan ərazilər üçün konsulluq xidmətləri göstərmək imkanlarımızı məhdudlaşdırıb. Bunu bizim ölkələr arasında uzummüddətli münasibətlər üçün qoyulan sərmayə kimi görmək olardı.”

Hantsman deyib ki, ABŞ hələ də Rusiya ilə əhəmiyyətli mövzularda çalışmağa davam etmək istəyir. Bu məsələlərə silahlara nəzarət, Şimali Koreya, Suriya və Yaxın Şərqdə sabitlik daxildir.