Britaniya hökuməti yeddi il əvvəl sabiq Rusiya casusu Aleksandr Litvinenkonun ölümü ilə bağlı rəsmi təhqiqata başlamağı planlaşdırır.
Baş nazir Deyvid Kameronun sözçüsü bildirib ki, bunun keçən həftə Ukrayna ərazisində Malasiya təyyarəsinin vurulmasında Rusiyanın əli olub-olmaması ilə əlaqəsi yoxdur.
Sabiq Rusiya casusu Litvinenko 2006-cı ildə London mehmanxalarının birində çayına qatılmış radioaktiv polonium-210 maddəsini içdikdən sonra vəfat etmişdi. Britaniya həmin vaxt Litvinenkonun ölümü ilə bağlı təhqiqat aparmış, ancaq Rusiya hökumətinin onun ölümündə əli olub-olmadığına dair qərar verməmişdi.
Litvinenko Rusiya hökuməti ilə əlaqələri kəsmiş və ölüm yatağında olarkən Rusiya prezidenti Vladimir Putinin onun öldürülməsi haqda əmrini verdiyini iddia etmişdi.
Rəsmi araşdırmaya başlamaq haqda qərar Britaniya hökumətinin qəbul etdiyi olduqca ciddi bir addım hesab edilir. Əvvəllər hökumət rəsmi təhqiqatın başlanılması əleyhinə çıxaraq, həssas kəşfiyyat məlumatlarının ictimailəşdirilməsini istəmədiyini bildirib.
Rəsmi təhqiqatın iyulun 31-də başlayacağı və 2015-ci ilin sonunadək davam edəcəyi gözlənilir.