Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iyunun 17-də Rusiyaya işgüzar səfər zamanı bu ölkənin xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Azərbaycan Xariciİşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Rusiya Sergey Lavrov səfərin yüksək səviyyədə olan ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Rusiyanın Xarici İşlər Naziri Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlığın bir çox sahələrdə, o cümlədən humanitar sahədə uğurla davam etdiyini bildirib və burada bu il Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forum zamanı Azərbaycanda Rusiya Mədəniyyət Günlərinin təşkil olunacağını qeyd edib.
Eyni zamanda, Sergey Lavrov 2015-ci ilin sentyabrında Sankt-Peterburq şəhərində Arktikanın neft-qaz yataqlarının araşdırılması ilə bağlı tədbirin keçiriləcəyini söyləyib və bura Azərbaycanın Sənaye və Energetika Nazirinin də dəvət olunduğunu bildirib. Bundan əlavə Rusiyanın xarici işlər naziri bu ilin sentyabrında Yekaterinburqda keçiriləcək Hökumətlərarası İqtisadi Komissiyanın iclası çərçivəsində regionlararası forumun da təşkil olunacağını bildirərək, Sverdlovsk vilayətində isə hərbi texnika sərgisinin keçiriləcəyini və burada Azərbaycan nümayəndə heyətinin iştirakını gözlədiklərini vurğulayıb.
Nazir Elmar Məmmədyarov görüşün Azərbaycan və Rusiya prezidentlərinin tapşırığına uyğun olaraq baş tutduğunu bildirib. Həmçinin nazir Məmmədyarov İranın nüvə proqramı ilə bağlı Vyanada keçirilmiş danışıqların uğurla nəticələnməsi münasibəti ilə rusiyalı həmkarını təbrik edib. Bu danışıqların regiondakı vəziyyətə müsbət təsir edəcəyinə əminliyini vurğulayan Məmmədyarov, buradakı vəziyyətin tam stabilləşməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruri olduğunu söyləyib.
Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlara toxunan Azərbaycanın xarici işlər naziri burada Rusiyanın həmsədr ölkəsi kimi rolunu önə çəkib.
Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu istiqamətdə ardıcıl iş apardığını, həmsədrlərin mütəmadi təmasda olduqlarını və münaqişənin həlli istiqamətində danışıqların daha da intensivləşdirilməsinin vaxtının çatdığını vurğulayıb və bunun üçün bütün əsasların olduğunu söyləyib.