Casusluqda ittiham edilən ABŞ diplomatı Rusiyanı tərk edib

R


Moskvada casusluqda ittiham edilmiş ABŞ səfirliyinin diplomatı bazar günü Rusiyanı tərk edib. Bu haqda məlumatı Rusiyanın NTV televiziyasına istinadən Röyters xəbər agentliyi verib.

Kreml yönlü televiziya kanalı Amerika diplomatı Rayan Foqlun bazar günü Şeremetyevo hava limanında pasport və təhlükəsizlik yoxlanışından keçdiyini göstərən video görüntülər nümayiş etdirib.

Rusiya təhlükəsizlik xidməti çərşənbə axşamı günü ABŞ-ın Moskvadakı səfirliyinin üçüncü katibi olan 29 yaşlı Rayan Foqlun Rusiyanın əks-terror zabitini casusluq fəaliyyətinə cəlb etməyə çalışdığı zaman saxlandığını bildirmişdi. Mərkəzi Kəşfiyyat idarəsi üçün işlədiyini rədd edən Foql Rusiya televiziyasında başında sarı parik taxdığı halda göstərilmişdi.

ABŞ səfirliyi məsələ ilə əlaqədar şərh verməkdən bazar günü də imtina edib.

Foqlun işi aprelin 15-də Bostonda bomba hücumlarından sonra Vaşinqton və Moskva arasında əks-terror sahəsində daha yaxın əməkdaşlığa nail olmaq istiqamətində atılmış addımlarla təzad təşkil edir.

Rayan Foqlun Rusiyada vəzifələri və fəaliyyətləri ilə bağlı kifayət qədər məlumat yoxdur.

ABŞ Dövlət Departamenti Rayan Foqlun səfirliyin işçisi olduğunu təsdiq edib, lakin onun işinin detalları ilə bağlı bağlı açıqlama verməyib. Mərkəzi Kəşfiyyat idarəsi heç bir şərh verməyib.