Sürgündə olan Əfqanıstan media qurumları qadınların səslərini gücləndirmək üçün yollar tapır

Your browser doesn’t support HTML5

Sürgündə olan Əfqanıstan media qurumları qadınların səslərini gücləndirmək üçün yollar tapır

Talibanın qanunları və məhdudiyyətləri Əfqanıstanda jurnalistikanı getdikcə çətinləşdirir. Lakin mühacirətdəki media qadınların və başqalarının səslərinin eşidilməsini təmin etməyə çalışır.

Kabildən Taliban hakimiyyəti ələ keçirəndə Londona gələn əfqan jurnalist Zəhra Coya media orqanı olan Rukhshana Media-nı bütövlükdə xaricə köçürüb. Lakin o, missiyasının eyni olaraq qaldığını deyir. Rukhshana Media-nın təsisçisi Zəhra Coya: "Biz əfqan qadınlarına öz hekayələrini yazmaq üçün platforma veririk. Beləliklə, onlar öz perspektivləri, Əfqanıstanda yaşadıqları və arzuları haqqında danışa bilir."

Əfqanıstan qadınlarının acınacaqlı vəziyyəti Rukhshana Media-da yer alır. Onun hətta adı da 2015-ci ildə razılaşdırılan nigahı pozduğu üçün öldürülən gənc qadının adından götürülüb.

Lakin Taliban qayıtdıqdan sonra qadınların vəziyyəti daha da ağırlaşıb.

Onlar artıq ibtidai məktəbi bitirdikdən sonra təhsillərini davam edə bilmir. Onlar indi nə işləyə, nə yaxın kişi qohumları olmadan səyahət edə, nə də parklara və idman zallarına gedə bilir. Zəhra Coya: "Əfqanıstandakı həmkarlarımız Əfqanıstan qadınları və xalqının başına gələnlər haqqında həqiqəti ictimaiyyətə çatdırmağa çalışır."

Taliban son üç ildə qadınlara və jurnalistlərə qarşı məhdudiyyətləri gücləndirib. Yeni qanun qadınlara mahnı oxumağı, şeir deməyi və hətta ictimai yerlərdə ucadan danışmağı qadağan edir.

Canlı varlıqların şəkillərinin dərcini qadağan etdiyi üçün bir çox mediada nəyin nümayiş etdirib-etdirilməyəcəyi çaşqınlıq yaradır.

Həmid Obaydi 2021-ci ilin avqustunda Əfqanıstandan qaçana qədər Kabil Universitetində jurnalistikadan dərs deyib. O, mühacirətdə olan media üçün "Əfqanıstan Jurnalistlərinə Dəstək Təşkilatı" adlı yardım qrupu yaradıb. O, mühacirətdə olan medianın mühüm rol oynadığını deyir. "Düşünürəm ki, yeni yaradılmış [Əfqanıstanın] sürgündəki mediası ilə beynəlxalq media arasında əməkdaşlıq potensialı var. Bu, bir tərəfdən məzmun sata bildikləri üçün onlara maddi cəhətdən yardım edəcək, digər tərəfdən isə Əfqanıstandakı problemlərin beynəlxalq mediada işıqlandırılmasına yardım edəcək".

Coya deyir ki, beynəlxalq media ilə işləmək onun komandasına mövzuların əhatə dairəsini genişləndirməyə yardım edib. "Biz ən azı üç nüfuzlu beynəlxalq media təşkilatı ilə işləmişik. Onlardan biri də Britaniyada nəşr olunan Guardian qəzetidir. Time jurnalı və qadınlar üçün nəzərdə tutulmuş Fuller Layihəsi ilə də işlədik. Bu uğurların hamısı Əfqanıstandakı həmkarlarımızın gərgin əməyinin nəticəsidir".

Əfqanıstanda media hüquqlarının kəskin şəkildə tənəzzülə uğradığı bir vaxt Coya deyir ki, mühacirətdə olan media üçün beynəlxalq dəstək və təşviq çox vacibdir.