Təbrizli heykəltaraş Ruhi Tuna vəfat edib

Təbrizli heykəltaraş, rəssam və siyasi fəal Ruhi Tuna oktyabrın 30-da Kanadanın Toronto şəhərində vəfat edib.

Amerikanın Səsinin mərhumun yaxınlarından əldə etdiyi məlumata görə, sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Gənc yaşlarda heykəltaraşlıq sahəsində yaradıclığa başlayan Ruhi Tuna Təbrizdə ikən Səttar Xan və Bağır Xan kimi Azərbaycanın bəzi tanınmış tarixi şəxsiyyətlərinin heykəllərini yonmuşdu.

Daha sonra Siyasi fəaliyyətlərindən dolayı məruz qaldığı basqılar səbəbilə ölkəni tərk edən sənətkar 2000-ci illərdə Türkiyədə bədii yaradıcılığa davam edib. Onun həmin illərdə Türkiyənin bəzi şəhərlərində bələdiyyələrin sifarişi ilə düzəltdiyi heykəllərin bir çoxu şəhər meydanlarında yerləşdirilib.

Əsərin adı: Edamdan Sonra

Ruhi Tuna Türkiyə və Kanadada yaşadığı illərdə mühacirət, mədəniyyət, qadın, uşaqlar və başqa mövzularda yaratdığı heykəllərlə yanaşı, türk dünyasının bir çox tanınmış alim və tarixi şəxsiyyətlərin heykəllərini düzəldib.