Ruhani İranda "düşmən konspirasiyasının" məğlubiyyətini elan edib

İranlılar "düşmənin gizli anlaşmasını" məğlub edərək, öz qələbələrini qeyd ediblər. Bu barədə prezident Həsən Ruhani çərşənbə günü benzinin bahalaşmasına qarşı ümummilli etirazlardan sonrakı çıxışı zamanı deyib.

Nümayişlər benzin qiymətinin dərhal 200 faiz artırılacağı elan edildikdən sonra cümə günü başlayıb.

"Xalqımız düşmənlərin gizli anlaşmasına qarşı qələbə çaldı", Ruhani dövlət televiziyasında yayımlanan kabinetinin iclasında çıxışı zamanı deyib.

"Küçələrə çıxan o anarxistlərin sayı az idi" , o deyib.

"Onlar öncədən gizli planlaşdırılmış mütəşəkkil, silahlı anarxistlər bölgənin reaksioner, sionist və amerikalıların qurduğu hiyləyə uyaraq küçələrə çıxıblar" - deyə, Ruhani Səudiyyə Ərəbistanı, İsrail və ABŞ-ı nəzərdə tutub..

"Son günlər Zəncan, Şəhre- Kord və Zəncan daxil olmaqla, müxtəlif şəhərlərdə çox böyük qəfil yürüşlər keçirilib. Bu, İran millətinin gücünün ən böyük nümayişidir. Yəni İran xalqı dünyaya sayıqlığını, şüurunu, bütün sistemi ilə birlik və həmrəyliyini göstərdi", Ruhani deyib.

İranda benzin qiymətinin artması ardından müxtəlif vilayətlərdə baş qaldıran kütləvi aksiyalarda yüzlərlərlə vətəndaş nəzarət altına alınıb. Polis və hərbi qüvvələrin tətbiq etdiyi zorakılıqlar bəzi şəhərlərdə bir neçə etirazçının ölümü ilə nəticələnib.

Şərqi Azərbaycan və Zəncan vilayətlərində rəsmi qurumların bildirdiyinə görə, noyabrın 16-sı və 17-də keçirilən etiraz aksiyalarına qatılanların təqribən 70-i nəzarət altına alınıb.

Beynəlxalq Amnesty International hüquq-mudafiə təşkilatının açıqladığı məlumatda İranda noyabrın 15-dən başlayan etirazlarda 106 nəfərin öldürüldüyünü bildirilir.

Təşkilatının əldə etdiyi etibarlı məlumatlara görə, 21 şəhərdə ən az 106 etirazçı öldürülüb. Amnesty International hesab edir ki, ölənlərin sayı bundan daha çox ola bilər və bəzi məlumatlara görə 200 nəfərin öldüyü ehtimal olunur.

İnsan haqları təşkilatının verdiyi məlumata görə, video-görüntülər, şahidlərin ifadələri, habelə xaricdəki hüquq müdafiəçiləri tərəfindən toplanan məlumatlar İran təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün odlu silahlardan, su şırnağından və gözyaşardıcı qazdan istifadə etdiyini və nümayişçiləri dəyənəklərlə döydüyünü göstərir.