İran prezidenti Həsən Ruhani Birləşmiş Ştatların ölkəsinə qarşı apardığı “iqtisadi müharibə” ilə məşğul olmaq üçün genişləndirilmiş hərbi qurumlara ehtiyac olduğunu bildirib.
Son bir ildə Tehranla Vaşinqtonun münasibətləri pisləşib. ABŞ Prezidenti Donald Tramp İranla 2015-ci il nüvə sazişindən çıxdığını və sanksiyaların bərpa olunduğunu elan edib.
Bizə indi belə qurumlar lazımdır.
Birləşmiş Ştatlar Tehrandan “təhdidlər”in gəldiyini desə də, İran iddianı rədd edir.
Ruhani İraqla 1980-88-ci illər müharibəsini yada salıb. O zaman Ali Müharibə Şurası digər qurumlardan yan keçərək iqtisadiyyat və hərbi fəaliyyətlə bağlı qərarlar verirdi.
“Bizə indi belə qurumlar lazımdır,” Ruhani mayın 20-də deyib. Xəbəri rəsmi IRNA agentliyi yayıb.
Prezident Vaşinqtonla gərginliyin danışıqlar və diplomatiya yolu ilə azaldılmasının tərəfdarı olduğunu deyib, ancaq indiki şərtlərlə deyil.
Birləşmiş Ştatlarla İran arasında gərginliyin artdığı bir vaxt, Avropa hər iki tərəfi bu gərginliyin daha da artmasının qarşısını almağa çağırır. Avropa İttifaqı 2015-ci ildə Tehranla əldə olunan nüvə razılığını xilas etməyə çalışır. Vaşinqton isə Avropaya razılıqdan geri çəkilməsi üçün təzyiq göstərir. Avropa İranın küncə sıxıldığından və bu vəziyyətə verəcəyi cavabın region üçün təhlükəli nəticlərinin ola biləcəyindən narahatdır.
Bu ayın əvvəli ABŞ-ın Aralıq Dənizindəki USS Abraham Lincoln təyyarə daşıyıcısından Yaxın Şərqə döyüş təyyarələri göndərilib.
ABŞ-ın Qətərdəki hava bazasına hərbi-dəniz donanmasının zərbə qrupu ilə birlikdə bir neçə B-52 bombardmançısı göndərilib. Tramp administrasiyasının bildirdiyinə görə, onların məqsədi İrandan ABŞ qüvvələrinə qarşı açıq təhlükə əlamətlərinə müqavimət göstərməkdir.