Amerikanın ilk məscidi

Your browser doesn’t support HTML5

Müsəlmanlar Amerikada 1600-cü illərdə məskunlaşmağa başlayıb və şimal-şərqdən tutmuş orta qərbə qədər Birləşmiş Ştatlar tarixində öz izlərini qoyublar. Hətta müsəlmanların çox az olduğu orta-qərb ştatlarında belə onların izlərini tapmaq olar. 1920-ci illərdə Amerikanın ilk məscidlərindən biri Şimali Dakota ştatının müsəlmanların vaxtilə yaşadığı Ross şəhəri yaxınlığında inşa edilib.

Şimali Dakota ştatının bu kiçik, ucqar Ross şəhəri yaxınlığında bir neçə müsəlman və qeyri-müsəlmanlara aid qəbir daşları var. Riçard Ömər: “Gördüyünüz kimi mənim atam 1889-cu ildə burada doğulub və onun adı Albert Abdulla idi. O bu ölkəyə köçən zaman buraya gələnlərin çoxu adlarını dəyişirdi.”

Özü müsəlman olmayan Riçard Ömər buraya müsəlman valideynlərinin qəbrini ziyarət etmək üçün gəlir. O eləcə də, Birləşmiş Ştatların müsəlmanlıqla bağlı tarixinin qorunub saxlanmasına yardım etməyə çalışır.

Amerikanın ilk, boş tarlada təkbaşına qalan məscidinin təməli 1928-ci ildə qoyulub. Bu kiçik məscidin içərisində namaz qılmaq üçün xalça var. Burada eləcə də məscidin tapılmasına yardım edən insanların şəkilləri saxlanır. “Söhbət etmək üçün belə burada heç kəs qalmayıb” - deyə, Riçard Ömər bildirir.

Vaxtilə burada yaşayan müsəlmanların çoxu böyük şəhərlərə köçüb. Bəziləri adlarını, hətta dinlərini dəyişib. Ross şəhərinin auditoru Dayan Seybel: “Tarix bizə nəyi deyir – onlar buraya gəlib, yeni həyata başlamaq istəyirdi.”

Dayan Seybel burada əhalinin sayının kənd təsərrüfatı və neft sənayesinin böhrana uğramasından sonra azaldığını deyir. O deyir ki, müsəlmanlar buranı tərk etsələr də məscid onların xatirəsini yaşadır. “Əvvəllər biz orada oynayardıq, lakin vaxt keçdikcə məscid köhnəlir və təhlükəli olmağa başlayırdı.”

1970-ci illərdə sökülən məscid 2004-cü ildə yenidən inşa edilmişdır. 2018-ci ildə isə məscidin yaxınlığındakı qəbristanlıq Birləşmiş Ştatlar dini tarixinin simvolu kimi Milli Tarixi Abidələr siyahısına salınıb.

Hazırda isə bura ziyarətçilərin diqqətini cəlb etməyə başlayıb. Ziyarətçi Muhiddin Şərif: “Bura Amerikada İslamın təməlinin qoyulduğu yerdir. İlk məscid burada tikilib.”

Müsəlman olmayan Riçard Ömər üçün isə bu məscid və bu qəbiristanlıq ailəsi və Amerikanın tarixi bir yeridir.