Roskomnadzor "Exo Moskvı", "İnoSMI", "Mediazona", "New Times", "Dojd", "Free Press", "Krym.Realii", "Novaya Gazeta", "Jurnalist", "Lenizdata"nı blok etməklə hədələyərək Ukraynadakı müharibə ilə bağlı materialların silinməsini tələb edib. Bu barədə qurum öz sosial media hesablarında məlumat yayıb.
“Bu resurslarda etibarlı mesajlar adı altında Rusiya ordusunun hərəkətləri nəticəsində Ukrayna şəhərlərinin atəşə tutulması və Ukraynada dinc əhalinin həlak olması ilə bağlı həqiqətə uyğun olmayan və ictimaiyyət üçün əhəmiyyətli olan məlumatlar, eləcə də aparılan əməliyyatın hücum, işğal və ya müharibə adlandırıldığı materiallar yer alır”, Roskomnadzor yazıb.
Qurum bu yazılar silinmədiyi halda nəşrləri bloklamaqla hədələyib. Roskomnadzor həmçinin "sadalanan KİV tərəfindən qeyri-dəqiq sosial əhəmiyyətli məlumatların yayılması ilə bağlı inzibati araşdırmalara" başlayıb. Qurum xatırladıb ki, belə bir pozuntuya görə beş milyon rubla qədər cərimə tətbiq oluna bilər.
Bundan əvvəl Roskomnadzor KİV-dən Ukrayna ilə müharibə ilə bağlı yalnız “Rusiya rəsmi mənbələrindən alınan məlumatlarını” dərc etməyi tələb edib və əks təqdirdə 5 milyon rubla qədər cərimə etmək və bloklamaqla hədələyib.
Fevralın 24-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Ukraynanın “dezifikasiyası və demilitarizasiyası” üçün “xüsusi hərbi əməliyyata” başlanıldığını elan edib. Bundan dərhal sonra Kyiv, Xarkiv, Odessa, Kramatorsk, Berdyanskda partlayışlar və raket hücumları ilə bağlı xəbərlər yayılmağa başlayıb. Rusiya qoşunları Ukraynanın 5 rayonunda sərhədi keçib.