Roma Papası Fransis Pasxa mesajında xüsusilə də az gəlirli ölkələrdə hər kəsin səhiyyə xidmətləri və peyvəndlərə əlçatımlılığının təmin edilməsinə çağırıb və dünyada hələ də davam edən “bir çox münaqişələri” qınayıb.
Koronavirus səbəbi ilə artıq ikinci ildir ki, Papanın iştirakı ilə Pasxa mərasimləri əvvəllər kilsənin içində və qarşıdakı meydanda böyük izdihamın toplaşdığı şəraitdə deyil, Müqəddəs Pyotr Bazilikasında yalnız kiçik bir qrupun iştirakı ilə keçirilir.
Papa Fransis Vatikanda Müqəddəs Pyotr Bazilikasında Pasxa münasibətilə adətən dünya problemlərinə toxunub, barışa çağırdığı ənənəvi “Urbi et Orbi” (“Şəhərə və Yer kürəsinə”) xeyir-duasını oxuyub.
SEE ALSO: Milyonlarla insan Pasxa bayramını bu il də karantin şəraitində qeyd edir“Pandemiyanın yayılması sosial-iqtisadi böhran, xüsusilə yoxsullar üçün ağır olaraq qalmaqda davam edir. Buna baxmayaraq - bu da utancvericidir - silahlı qarşıdurmalar dayandırılmayıb və hərbi arsenallar gücləndirilir”, Roma Papası qeyd edib.
Roma Papası mesajında səhiyyə işçilərinə yüksək qiymət verib və hər kəsin pandemiya ilə mübarizəyə qoşulmalı olduğunu deyib.
Papa Fransis xüsusilə həssas olan hər bir kəsin ehtiyac duyduğu yardımı almaq imkanına malik olmasının vacibliyini vurğulayıb. O, COVİD-19-a qarşı peyvəndlərin pandemiyanın yayılmasına qarşı mübarizədə ən əhəmiyyətli bir vasitə olduğunu deyib. Roma Papası beynəlxalq ictimaiyyəti qlobal məsuliyyət ruhunda birləşərək, peyvəndlərin paylanmasında gecikmələrin aradan qaldırılması və xüsusilə aşağı gəlirli ölkələrdə yayılmasının asanlaşdırılması üçün öhdəlik götürməyə çağırıb.
Dəfələrlə tərksilah və nüvə silahlarının tamamilə qadağan olunmasına çağıran Fransis “Dünyada hələ də çox müharibələr və zorakılıqlar var”, deyə xatırladıb.
Pasxa bayramının bu il Beynəlxalq Mina Xəbərdarlığı Gününə təsadüf etdiyini qeyd edən Papa, minaları “məkrli və dəhşətli qurğular” adlandırıb.
Papa Fransis həmçinin Myanmada gənclərlə bağlı yüksək fikir bildirib. O, gənclərin demokratik dəyişikliyə sadiq qaldıqları və səslərini dinc şəkildə eşitdirdikləri üçün onlara təşəkkür edib. Papa Suriya, Yəmən və Liviyada münaqişələrin sona çatmasına ümid bəslədiyini bildirib və müharibə şəraitində yaşayan xalqların ölkələrini bərpa etməyə başlaması üçün insanların sülh tapmasını arzu edib.
Adətən Papa Pasxa mesajını Müqəddəs Pyotr Meydanında insanlara müraciət edərək oxuyan zaman toplaşanların sayı 100 minə çatsa da, bu il mərasim iştirakçılarının sayı 200 nəfərdən az olub. Lakin Roma Papasının mesajı dünya ölkələrində on milyonlarla insan üçün yayımlanıb.
İtaliyada üç gün müddətində karantin tətbiq edildiyi üçün meydanda bir neçə polis işçisi olub.
Şənbə günü Vatikanda Müqəddəs Pyotr Bazilikasında Pasxa münasibətilə məhdud sayda insanın iştirakı ilə keçirilən mərasimdə Papa Fransis möminləri pandemiyanın “qaranlıq aylarında” ümidlərini itirməməyə çağırıb.
İtaliyada rəmilər şənbə günü ölkə boyu üç gün müddətində ciddi karantin tətbiq edilədiyini elan edərək, ikinci ildir Vatikanda Müqəddəs Pyotr meydanında insanların toplaşmasının qarşısını alıb.