Papa Fransis Myanmada arxiyepiskopun iqamətgahında hərbi rəsmi ilə görüşüb

Myanmanın hərbi rəsmisi Papa Fransisə onun ölkəsində dini ayrı-seçkiliyin olmadığını dediyini bildirib. Birləşmiş Ştatlar Rohinca müsəlmanlarına qarşı zorakılığı etnik təmizləmə adlandırıb.

General Min Aunq Hlainqin ofisi Facebook sosial media şəbəkəsində yerləşdirdiyi yazıda hərbi qüvvələrin ölkədə sülh və sabitliyin qorunmasına çalışdığını bildirib və əsgərlərin qadınlar və qızları zorladıqları və Rohinca kəndlərini yandırdığını inkar edib.

Papa Fransis bazar ertəsi gecə Ranqun şəhərində arxiyepiskopun iqamətgahında hərbi rəsmi ilə görüşüb.

Vatikanın sözçüsü hədiyyələri verməzdən əvvəl ölkə rəsmilərinin böyük məsuliyyəti müzakirə etdiklərini deyib. Bəziləri Roma Papasının səfər planına qaçqın düşərgəsini ziyarət etməyin daxil olmamasından məyus olub.

“Mən bir qədər məyus olmuşam. Ona görə ki, o bura gəlsə idi, vəziyyəti öz gözləri ilə görərdi. Və biz ona öz vəziyyətimiz barədə özümüz danışardıq. O bura gəlsə idi yaxşı olardı” – deyə Rohinca imamı Həsən Arif bildirib.

Lakin Roma Papasının Banqladeşin paytaxtı Dakkada Rohinca müsəlmanlarının kiçik bir qrupu ilə görüşəcəyi gözlənilir.

Ötən günlərdə Myanma və Banqladeş rəsmiləri Myanmanın Rakhayn vilayətindən zorakılıqlardan yaxa qurtarmaq üçün qaçan yüz minlərlə rohinca qaçqının geri dönmələrinə dair razılıq əldə edib.

Lakin BMT-nin qaçqınlar üzrə agentliyinin sözçüsü onların qayıtması üçün vəziyyətin təhlükəsiz və sabit olmadığını bildirib.