Rohinca müsəlmanları ili qeyri-müəyyənlikdə başa vurur

Your browser doesn’t support HTML5

750 mindən çox müsəlman Rohinca qaçqını Myanmada hərbi qüvvələrin hücumlarından qaçaraq Banqladeşdə yerləşən düşərgələrdə yaşayır. Onların gələcək köçürülmə planları hələ də qeyri-müəyyən olaraq qalır.

Koks bazarının ətrafındakı düşərgələrdə yaşayan bir milyonadək Rohinca qaçqını hələ də aydın gələcək planları olmayan, qeyri-müəyyən vəziyyətdədir.

Keçən ay planlaşdırılan könüllü geri qayıtma planları beynəlxalq monitorinqin olmaması və təhlükəsizlik tədbirlərinin təmin edilməməsi ilə əlaqədar narahatlıqlarla bağlı təxirə salınıb.

Hüquq müdafiəçisinin Con Quinlinin sözlərinə görə, ucqar bölgədə yerləşən Bahsan Çar adasında tikilən köçürmə kompleksi də narahatlılıq doğurur.

“BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı adada daşqın şəraiti ilə bağlı qiymətləndirmə verməyib, lakin bir çoxları adada daşqın riski olduğunu və təhlükəli vəziyyəti qeyd edir. Yəni yüz minlərlə Rohinca qaçqıni faktiki olaraq daşqınlara meylli bir adada ola bilər və bu çox təhlükəlidir”, hüquq müdafiəçisi Con Quinli deyir.

Con Quinli deyir ki, Rohinca qaçqınlarının durumunun onlara uzun müddətdə təsirləri hələ tam hiss edilməsə də, təhsildən məhrum olmaq çox zərərli olacaq.

“Hazırda düşərgələrdə təhsilə rəsmi icazə yoxdur. Rohincalılar “Fortify”' şirkətinə bildirib ki, bu, onların uşaqları və gəncləri üçün ən böyük problemdir”, hüquq müdafiəçisi Con Quinli deyir.

Hələ də Rohinca qaçqınlarının nə vaxt Myanmaya geri dönə biləcəyi bəlli deyil.

Myanma rəsmiləri bildirir ki, yanmış ərazilər dövlətin idarəçiliyinə keçib. Bu isə keçən bir il yarım ərzində tamamilə yandırılmış 200-dən çox Rohinca kəndinin mülkiyyəti məsələsi ilə bağlı şübhələr yaradır.

Humanitar mükafat almış rohincalı hüquqşünas Kyav Hla Aunq deyir ki, rəsmi sənədlər istənildiyi halda torpağın mülkiyyəti sübut edilə bilər.

“Onların bütün sənədləri var. Nazirlikdə torpaqları qeydə alan şöbədə bütün qeydlər var. Beynəlxalq ictimaiyyət hökümətdən həmin qeydləri göstərməyi tələb etməlidir”, hüquqşünas Kyav Hla Aunq deyir.

Təhlilçilər Myanmanın mövqeyini etnik qrupu aradan qaldırmaq üçün qəsdən edilmiş bir cəhd hesab edir. Myanma rəsmiləri isə bu iddiaları rədd edir.

“Hökumət bizi qəsdən savadsız edir ki, bu insanların Banqladeşdən qaçqın olduğunu iddia edə bilsinlər və desinlər ki, onlar dünya haqqında heç bir şey bilmirlər, ölkə haqqında heç nə bilmirlər”, hüquqşünas Kyav Hla Aunq deyir.

Yeni il ərəfəsində düşərgədəki insanların çoxu dinc gələcək arzu edir.