İraq və Suriyada ABŞ hərbçilərinin yerləşdiyi bazalara raketlər atılıb

Təhlükəsizlik rəsmiləri və müharibə müşahidəçilərinin bildirdiyinə görə, cümə axşamı və cümə günü ABŞ-ın İraq və Suriyada rəhbərlik etdiyi anti-cihadçılar koalisiyasının qoşunlarının yerləşdiyi bazalara bir neçə raket atılıb.

Bu cür hücumlar Qəzzada İsraillə HƏMAS-ın fələstinli militantları arasındakı müharibənin əvvəlində daha tez-tez baş verirdi. Lakin o vaxtdan bəri hücumlar əsasən səngimişdi.

İraqın təhlükəsizlik mənbəyi Ənbar vilayətindəki Əyn Əl-Əsəd bazası yaxınlığına "dörd raket düşdüyünü" bildirib.

Başqa bir təhlükəsizlik rəsmisi hücumda "dron və üç raketdən" istifadə edildiyini və onların baza perimetrinə yaxın düşdüyünü deyib.

Birləşmiş Ştatlar rəsmisinin ilkin məlumatlara əsasən dediyinə görə, mərmilər bazadan kənara düşüb, bazaya zərər dəyməyib və yaralanan olmayıb.

Media ilə danışmaq səlahiyyəti olmadığına görə bütün mənbələr anonimlik şərti ilə danışıb.

Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, Suriyanın şərqindəki Deyr-Əl-Zor vilayətindəki Konoko qaz yatağındakı koalisiya bazası yaxınlığına da azı bir raket düşüb.

Müşahidə qrupu ərazidə partlayış səsi eşidildiyini, lakin itkilər barədə məlumat olmadığını bildirib.

Suriya daxilindəki mənbələrə əsaslanan monitorinq qrupu raketin "İranyönlü yarı-hərbi qrupların nəzarəti altında olan zonalardan" atıldığı deyib.

Hər iki hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.