ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta cəbhəyanı bölgəyə səfər edib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin Twitter səhifəsində yaydığı məlumata görə, səfər zamanı R.Sekuta Yevlax, Tərtər, Goranboy, Bərdə rayonlarının və Naftalan şəhərinin icra hakimiyyətləri başçıları ilə görüşüb, bu rayonlarla əməkdaşlıq məsələlərini müzakirə edib.
Goranboy və Yevlax rayonları ilə tibb və digər xidmətlərin təminatı sahəsində əməkdaşlıq məsələsi diqqətdə olub.
Naftalan şəhərində səfirə Naftalan spaları, yeni kurortlar, və turizmin inkişafı bərədə məlumat verilib.
“Tərtərə ilk dəfədir səfər edirəm. Səfərimdən çox məmnunam. Mən bu bölgədə yaşayan insanların yaşayışı ilə, onları narahat edən məsələlərlə yerində tanış olmaq istəyirdim. Eyni zamanda, ABŞ-ın Azərbaycanda həyata keçirdiyi çoxsaylı humanitar yardım proqramlarının və icra edilmiş layihələrin nəticələrini və insanlara verdiyi faydaları yerində görmək niyyətində idim”, APA agentliyinin məlumatına görə Sekuta bildirib.
O deyib ki, ABŞ 1993-cü ildən bəri azərbaycanlı qaçqın və məcburi köçkünlərə 113 milyon dollar vəsait sərf edib.
“1993-cü ildən Azərbaycana ayrılmış ABŞ yardımlarının ümumi miqdarı 1 milyard 300 milyon dollardır“, səfir qeyd edib.