ABŞ səfiri QHT-lərə Dövlət Dəstəyi Şurasında olub

Robert Sekuta və Azay Quliyev

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Robert Lopez və səfirliyin siyasi məsələlər üzrə müşaviri Daniel Slaşer ilə görüş keçirilib.

QHT-lərə Dövlət Dəstəyi Şurasının məlumatına görə, səfir Sekuta Azərbaycanın “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini, xüsusilə könüllülərin fəallığının təqdirəlayiq hesab edib.

O, ikitərəfli münasibətlərin perspektivləri haqqında danışıb və Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ABŞ-ın Azərbaycanda müxtəlif sahələr üzrə çoxsaylı layihələr icra etdiyini deyib. Robert Sekuta ABŞ-Azərbaycan münasibətlərinin bundan sonra da inkişafı üçün səylə çalışacağını bildirib. Səfir Azərbaycanda QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərlə bağlı məlumat almaq istədiyini qeyd edib.

Azay Quliyev qanunvericiliyə edilmiş dəyişiklərin mahiyyəti haqqında danışaraq parlamentin bu addımının ictimai sektorda şəffaflığın və hesabatlılığın artmasına, mövcud resurslardan səmərəli istifadənin təmin edilməsinə və qanunsuz fəaliyyətin vaxtında aşkarlanmasına xidmət etdiyini bildirib.

Şura sədri son zamanlar ABŞ-da bəzi qurumların Azərbaycan əleyhinə fəaliyyətinin narazılıq doğurduğunu diqqətə çatdırıb.

Azay Quliyev təəssüflə bildirib ki, ABŞ-ın dövlət büdcəsindən maliyyələşən bir sıra QHT-lər və media orqanları açıq şəkildə Azərbaycan haqqında mənfi rəy yaratmaq və qərəzli məlumatlar yaymaqla məşğuldurlar.

O ABŞ Dövlət Departamentinin insan haqlarının durumuna dair son hesabatında Azərbaycanla bağlı qeyd olunan bir çox məqamlara toxunaraq konkret faktlarla onların həqiqəti və reallığı əks etdirmədiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

ABŞ səfirliyi hələ görüşlə bağlı məlumat yaymayıb.