Riçard Stengel: Rusiya Ukraynada seçkilərə müdaxilə etsə daha ciddi sanksiyalarla qarşılaşa bilər

ABŞ Dövlət katibinin ictimai diplomatiya məsələləri üzrə yardımçısı Riçard Stengel mayın 25-də Ukraynada seçkilərə regional dəstəyin artrılması məqsədilə Ukrayna, Latviya və Brüsselə səfər edir.

Kiyevdə Amerikanın Səsinin Ukrayna xidmətinə müsahibədə Riçard Stengel Birləşmiş Ştatların Ukraynada erkən prezident seçkilərinə dəstəyi, ABŞ və Rusiya arasında münasibətlərdən danışıb.

“Biz mayın 25-də seçkilərini dəstəkləyirik. Seçkilər demokratiyanın və dəyişikliyin əsasıdır. Biz seçkilərin azad və ədalətli keçirilməsinə bacardığımız qədər dəstək verəcəyik. Seçkilər həmişə ideal olmur və problemlər də olur, inkişaf etmiş demokratik ölkələrdə də seçkilər zamanı problemlər olur və biz rusların Şərqi Ukraynada nə edə biləcəklərinə narahaqlıqla izləyirik. Prezident və dövlət katibi Rusiyadan mayın 25-I seçkilərinə müdaxilə etməməsini istəyib və tələb edib və biz onların bunu etməyəcyinə ümid bəsləyirik”-deyə o bildrib.

Riçard Stengel ABŞ-ın və Avropa müttəfiqlərinin Rusiyanın Krımın ilhaqı və Ukraynanın şərqində yaranmış gərginliklə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sankiyaları şərh edib. O deyib ki, Rusiya mayın 25-i seçkilərin keçirilməsinə müdaxilə etsə, daha ciddi sanksiyaların tətbiq edilməsi mümkündür.

“Sanksiyalar bir vasitədir, onları ya artırmaq, ya da məhdudlaşdırmaq olar. Prezident sanksiyaların adekvat olmasını istəyib və əgər ruslar mayın 25-də seçkilərə müdaxilə etsə, onun dediyi kimi bunun nəticələri olacaq. Bu nəticələrdən biri də daha ciddi, ya da müəyyən sektoru əhatə edən sanksiyaların tətbiq edilməsidir. Lakin biz seçkilərin necə keçiriləcəyini görəcəyik, seçkilərin azad və ədalətli keçirilib-keçirilmədiyini, rusların müdaxilə edib-etməyəyini görəcəyik və bundan sonra seçkilər azad və ədalətli keçirilibsə, sanksiyaların adekvat olub-olmadığı müəyyən ediləcək”-deyə dövlət katibinin yardımçısı bildirib.

Riçard Stengel Ukraynanın şərqində Rusiyanın arapdığı təbliğat və Qərbin bu təbliğata qarşı görə biləcəyi ölçülərlə bağlı sualı cavablandıraraq, ABŞ-ın azad media və azad informasiyaya çıxış imkanını dəstəklədiyini və Rusiyanın təbliğat maşınının Ukraynada hadisələrə fərqli rəng verdiyini bildirib.

“Təbliğat o zamanı uğurlu olur ki, başqa baxış yoxdur və eyni uydurma və yalanlar sonsuzluğa qədər təkrar olur. Biz azad media, burada və Rusiyada informasiyadan azad istifadə edilməsini dəstəkləyirik. Lakin yalana qarşı həqiqəti göstərmək kimi mübarizə aparmaqdan daha çox, fantastika qarşısında reallığı göstərməlisiniz. Biz də təkcə ifadə azadlığı və azad jurnalistikaya imkan yaratmaq deyil, həm də ABŞ-ın məsələlərlə bağlı baxışların göstərərək bunu etməyə çalışırıq. Mən iki gün Kiyevdə oldum, gözəl bahar havası var idi, insanlar kafelərdə oturmuşdu. Rusiya təbliğat maşını deyir ki, Kiyev mühasirədədir və adamlar azad hərəkət edə bilmir, lazım olan təchizatı ala bilmir. Bu da uydurmadır və tamamilə yalandır. Bunu hər gün görmək olar. Mənim işimin də bir hissəsi insanların reallığı görə bilməsini təmin etməkdir və biz də mümkün olan qədər bunu etməyə çalışırıq”-deyə Riçard Stengel bildirib.

ABŞ Dövlət katibinin ictimai diplomatiya məsələləri üzrə yardımçısı Riçard Stengel Ukrayna, Latviya və Brüsselə səfəri zamanı hökumət rəsmiləri, vətəndaş cəmiyyətinin üzvləri və media nümayəndələri ilə görüşlər keçirir. Belçikada Riçard Stengel Ukraynada vəziyyəti Avropa media nümayəndələri və ekspertlərlə müzakirə edəcək.