Riçard Kazlariç: "Rusiyanı bu təşəbbüsə görə tənqid etmək olmaz"

Your browser doesn’t support HTML5

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariş Azərbaycan, Ermənistan və Rusiya arasında Dağlıq Qarabağda döyüşlərin dayandırılması ilə bağlı imzaladıqları bəyanata münasibət bildirib. Sabiq səfir Amerikanın Səsinə müsahibədə Rusiyanın Dağlıq Qarabağa sülhməramlılarının yerləşdirilməsi və Qərb ölkələrininin atəşkəsin Rusiyanın vasitəçiliyi ilə əldə olunmasına reaksiyalarını şərh edib.

Amerikanın Səsi: Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı bəyanatla bağlı nələr deyə bilərsiniz?

Riçard Kazlariç: Mən ilk öncə döyüşlərdə həyatlarını itirənlərin yaxınlarına başsağlımı çatdırıram. İnsanların müharibədə ölməsi faciəvidir. Ümid edirəm ki, mənim hisslərim sizin izləyicilərinizə çatdırıla bilər.

Mən bəyanatın yalnız Rusiya xarici işlər nazirliyinin versiyasını görmüşəm. Və onu gördüyüm andakı ilk reaksiyam rahatlamaq oldu.

SEE ALSO: Azərbaycan, Ermənistan və Rusiya hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzalayıblar

Belə görünür ki, bu bəyanat həm Ermənistan, həm Azərbaycana döyüşə son qoymağa və davamlı atəşkəsin olmasına imkan verəcək ki, sülh və sonda da barışıq olsun. Əgər bu razılaşma digərlərindən fərqli olaraq nəticə versə, biz bunun baş verdiyinə sevinməliyik.

Razılıqda bir neçə məqam mənim diqqətimi çəkdi. Birincisi odur ki, razılıqda açıq bildirilir ki, münaqişənin tərəfləri Azərbaycan və Ermənistandır. Məncə, özünü “Dağlıq Qarabağ Respublikası” adlandırılan qurumun nümayəndələrinin prosesdə necə iştirak etdiyini başa düşmək vacibdir. Fikrimcə, bu, yerdəki vəziyyətin reallığının tanınmasıdır.

İkinci isə BMT-nin Qaçqınlar üzrə Ali Kommissarlığının rolu oldu. Ali Kommissarlığa insanların Dağlıq Qarabağ və ətrafındakı regiona dönmələrinə nəzarət etmək tapşırığı verilir. Mən hələ ki, UNHCR-ın vebsaytında bununla bağlı məlumatın olub-olmadığına baxmamışam, amma bunun üçün mötəbər beynəxalq təşkilatın dəvət olunması çox maraqlıdır.

İngilis dilindəki yazı məhduddur və belə görünür ki, təkcə azərbaycanlıların Dağlıq Qrabağa və onun ətrafında işğal olunmuş ərazilərə dönmələrini deyil, həm də didərgin düşən ermənilərin də Dağlıq Qarabağa geri dönmələri nəzərdə tutulur. Üçüncü nəzərə çarpan məqam isə odur ki, oraya 1960-dan daha çox rusiyalı sülhməramlı yerləşdiriləcək. Sənəddə Dağlıq Qarabağla Ermənistan arasındakı Laçın dəhlizinə nəzarət etmək üçün FSB-nin sərhəd patrulçularının yerləşdiriləcəyinə istinad edilir.

Bu razılığı, əslində bunu razılıq adlandırmamalıyam çünki hətta ruslar belə bunu bəyanat adlandırırlar, amma bunun kimi hər hansı razılığı həyata keçirməklə bağlı çətinliklər olur. Amma ən əsas şey öldürmələrə son qoymaydır. Sonrakı mərhələ isə razılığın necə yerinə yetiriləcəyini və Azərbaycanla Ermənistan arasındakı uzun müddətli münasibətlərin necə olacağını izləməkdir.

Amerikanın Səsi: Sizin də qeyd etdiyiniz və bəyanatda da bildirildiyi kimi, regiona beş il müddətinə Rusiya sülhməramlıları yerləşdiriləcək və bu müddət yenilənə bilər. Siz bununla bağlı nə düşünürsünüz? Bunun regionun gələcəyinə hansı təsirləri olacaq?

Riçard Kazlariç: Mən Klintonun münaqişənin həlli üzrə xüsusi nümayəndəsinin müavini olaraq çalışmışam. O zaman vəziyyət çox gərgin idi və Rusiya prosesdə birtərəfli rol oynamaq istəyirdi ki, Azərbaycan bunu istəmirdi. Və o zaman Minsk Qrupu yaranmadan öncə belə bir fikir var idi ki, əgər regionda sülhməramlılar olacaqsa onlar təkcə bir qüdrətli dövlətin sülhməramlıları olmamalıdır.

Bu prosesdə təkcə bir ölkə iştirak etməyəcəkdi və əlbəttə ki, neytrallığının olmaması və Ermənistana qarşı mövqeyi səbəbilə bunu edən Rusiya olmayacaqdı. Bəlkə də indi vəziyyət dəyişib. 48 saat öncəyə qədər sosial mediada hər kəs Ermənistanı dəstəklədiyinə görə Rusiyaya hücum edirdi, indi isə sülhrməramlıların yerləşdiriləcəyinə dair bəyanat imzalandı.

Bilirsiniz, mən iki il Bosniya və Herseqovinada işləmişəm və hərbi sülhməramlıların yerləşdirilməsinin nə dərəcədə çətin ola biləcəyini bilirəm, iki tərəf arasında neytral olmaq lazımdır. Slühməramlı qüvvələrin missiyasının nə olduğu barədə açıq olmaq lazımdır və onlar kifayət qədər böyük bir qüvvə olmalıdır ki, hər şeyə çata bilsinlər. Buna silahlı qüvvələri ayırmaq, həm Dağlıq Qarabağda qalan, həm də geri qayıdan vətəndaşları qorumaq, humanitar dəhlizlərə nəzarət etmək daxildir. Bütün bunları isə belə böyük bir regionda sadəcə iki min qoşunla etmək məncə yaxşı düşünülməmiş bir qərardır.

Məncə, ruslar əgər hələ anlamaylblarsa, çox tez bir zamanda anlayacaqlar ki, bu, çox çətindir.

Mənim Rusiyanın sülhməramlıları ilə bağlı düşüncələrim nə oduğundan asılı olmayaraq bilmək lazımdır ki, onlar orada uzun müddət qalacaqlar. Bunu açıq-aydın anlamaq lazımdır.

SEE ALSO: Rusiya sülhməramlıları Dağlıq Qarabağa yerləşdirilir

Bu, bizim Bosniya və Herseqovinada etdiyimiz bir səhv idi. Biz sülhü təmin etmək üçün oraya əlli min NATO qoşunu yerləşdirmişdik və onların orada bir il qalacağını güman edirdik, amma nəticədə onlar orada demək olar ki, on il qaldılar və bu çox stressli idi.

Mən bəyanatı oxuduğumda mənə elə gəlir ki, rus sülhməramlıların işi çətin olacaq. Əlbəttə ki, yaxşı olardı ki, orada üçüncü tərəfin sülhməramlıları olsun, Rusiya və ya Türkiyənin deyil.

Razılığın həyata keçirilməsi ilə bağlı mənə maraqlı gələn bir başqa məsələ Rusiya qoşunlarının Dağlıq Qarabağa necə daxil olacağıdır. Əgər Rusiya Hərbi Hava Qüvvələri təyyarələri və qoşunlarını Ermənistan torpağına gətirib oradan Dağlıq Qarabağa daxil olmağa çalışsa, bu, Azərbaycan üçün problem olacaq, çünki bəyanatda suverenlik məsələsi açıq qeyd olunur. Amma bu mənim şəxsi fikrimdir, insanlar bununla razılaşmaya bilər.

Amerikanın Səsi: Sizcə Qərb liderləri atəşkəsin Rusiyanın vasitəçiliyi ilə əldə olunmasına necə münasibət göstərirlər?

Riçard Kazlariç: Bilirsiniz, hər kəs həm tək olaraq, həm də həmsədrlər olaraq xarici işlər nazirləri ilə görüşlər keçirərək atəşkəs əldə etməyə çalışıb, amma bu səylər heç bir nəticə verməyib.

Məncə, bu nöqtədə döyüşlərə son qoyan hər hansı razılıq müsbət haldır.
Hesabe edirəm ki, biz hazırda Rusiyanı tənqid edə bilmərik. 1994-cü ildə də onlar atəşkəsi tətbiq etmişdi, 26 il sonra da eynisi baş verir.

Dediyim odur ki, əgər atəşkəs davamlı olsa, Rusiyanı bu təşəbbüsə görə tənqid etmək olmaz, çünki Minks Qrupunun belə bi imkanı var idi, amma onlar müvəffəq olmadı.