Riçard Kazlariç AXCP sədrinin həbsinə münasibət bildirib

1994-1997-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olan Riçard Kazlariç özünün Facebook səhifəsində AXCP sədri Əli Kərimlinin həbsinə münasibət bildirib.

“Əli Kərimlinin həbsi iyrənc hadisədir. Mən onu 20 ildir ki, tanıyıram. Heç bir şübhə yoxdur ki, o mövcud rejimə müxalifətdə olduğuna görə həbs edilib. Baş vermiş hadisə göstərir ki, Azərbaycan hakimiyyəti repressiya siyasətini dayandırmaq niyyətində deyil. Bu səhv siyasətdir və mən dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün yaxşı adamları bu barədə açıq danışmağa çağırıram,” Kazlariç yazıb.

Heç bir şübhə yoxdur ki, o mövcud rejimə müxalifətdə olduğuna görə həbs edilib.

Öz növbəsində, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov bildirib ki, bəzi yerli və xarici KİV-lərdə, o cümlədən sosial şəbəkələrdə müxalifət fəallarının saxlanılması sərbəst toplaşmaq, söz və məlumat azadlığının, fikir plüralizminin məhdudlaşdırılması kimi qələmə verilib.

“Hüquq-mühafizə orqanları qanunun tələblərinə uyğun olaraq qeyri-qanuni aksiyanın qarşısını alıb və bunun insan hüquq və azadlıqlarının pozulması ilə heç bir əlaqəsi yoxdur. Polis üçün əsas meyar siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir,” Əli Həsənov qeyd edib.

Əli Həsənov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli şənbə günü həbs olunduqdan sonra azadlığa buraxılıb. Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 513.1 maddəsi ilə təqsirli bilinərək 2500 manat cərimələnib.

Cənab Kərimli ilə bərabər AXCP-nin həbs olunmuş digər fəalları cərimələnərək azad ediliblər.

Əli Kərimli ilə bərabər Milli Şuranın sədri Cəmil Həsənli də saxlanılmışdı.

Səbail Rayon Məhkəməsində noyabrın 17-də saxlananlarla bağlı proses tam başa çatıb. Saxlananlardan 7 nəfər cərimə edilərək sərbəst buraxılıb. 3 nəfərə isə həbs cəzaları verilib. AXCP üzvləri Ağababa Cəfərli, Ruslan Əmirov və Cavid İbrahimov 20 sutka həbs cəzaları alıblar.

Noyabrın 17-də Milli Dirçəliş günü ilə bağlı Milli Şura rəhbərliyi və fəallar Şəhidlər Xiyabanına gediblər. Əllərində qərənfillər olan bu insanlar Milli Dirçəliş günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət edəcəklərini açıqlamışdılar. Amma polis buna imkan verməyib. Başda Milli Şura sədri Cəmil Həsənli, bu quruma daxil AXCP sədri Əli Kərimli olmaqla onlarla şəxsi Səbail Rayon Polis İdarəsinə gətiriblər. Gecə saatlarında C.Həsənli və bəzi fəallar sərbəst buraxılıblar. Amma Ə.Kərimli və daha 10 nəfər buraxılmamışdı.