İnsan haqları qrupu iranlı siyasi məhbus Kəriminin digər 6 nəfərlə birlikdə edam edildiyini bildirib

Əyyub Kərimi 2010-cu ildə həbs edilmişdi.

İnsan haqları müdafiəçilərinin bildirdiyinə görə, son 14 ildir Kərəcdəki Qezelhesar həbsxanasında saxlanılan kürd vicdan məhbusu Əyyub Kərimi noyabrın 29-da edam edilib.

Norveçdə yerləşən İran İnsan Haqları qrupu bildirib ki, Kəriminin edamı daha altı məhbusun ölüm hökmünün icrası ilə bərabər həyata keçirilib. Qrup bunun Tehranın siyasi və dini müxaliflərə qarşı edam cəzasını davam etdirməsinin əlaməti olduğunu deyib.

İran İnsan Haqları qrupunun direktoru Mahmud Əmiri-Müqəddam "Məcburi etiraflara əsaslanan və ədalətli mühakimə olmadan Əyyub Kəriminin edamı digər siyasi məhbusların edamı kimi cinayətdir. İslam Respublikasının hakimiyyət orqanları bu cinayətə görə cavab verməlidir" deyə, bildirib.

Kərimi ilə birlikdə edam edilən digər altı məhbusun kimliyi açıqlanmayıb. Lakin Hengaw hüquq müdafiə qrupu qeyd edib ki, Kərimiyə olduğu kimi Qasem Abasti də keçən ay oxşar aqibətlə üzləşib. Qalan beş müttəhim hələ də həbsdədir və onlar da edam təhlükəsi ilə üz-üzədir.

Kərimi, Davud Abdullahi, Fərhad Səlimi, Ənvər Xəzri, Xosrov Beşarat və Kamran Şeyx 2010-cu ilin yanvarında həbs edilib. Daha sonra Tehran İslam İnqilabı Məhkəməsi onlara qarşı "milli təhlükəsizliyə qarşı fəaliyyət" və "yer üzündə korrupsiya" kimi ittihamlar irəli sürüb.

Onların ölüm hökmləri 2020-ci ildə məcburi etiraflar və işgəncə iddiaları fonunda təsdiqlənib.

Amnesty International təşkilatı o zamankı bəyanatında işgəncə altında zorla etiraflara işarə edərək, məhkəmənin "kobud şəkildə ədalətsiz" olduğunu bildirmişdi.